27 İyul 2024

Müəllim sağır inəkləri, yorulmayır biləkləri…

Köhnə Yeşilcam filmlərinə bənzəyən bir ölkədə yaşayırıq. Dünən cah-cəlal içində üzən adamlar bu gün arpa-buğda əkib, çörək pulu qazanırlar. Dünən oğluna ayı əti yedizdirən məmur bu gün gözüyaşlı şəkildə “dolanmaq asan deyil, mal-qara saxlayıram” deyir. Amma bu filmin Azərbaycanda yaşandığını, bu film qəhrəmanlarının da azərbaycanlı eks-məmurlar olduğunu düşünəndə adamı gülmək tutur. Bilirsən ki, rejissorları güclüdür, ssenaristləri Hollivud performansı göstərir. Master klass keçirlər hər kəsə… Amma biz də ağılsız tamaşaçı deyilik axı. Məsələn, bir kinoya neçə dəfə eyni şövqlə baxa bilərik ki? Baxdıq, baxdıq, yorulduq, reklamlar başladı, sonra yenə davam etdik… Hara qədər?

Həftənin əvvəlində prezident dedi ki, bu nazirlər özbaşınalıq edir, inhisarçılıq edir, Şuşanı qəsb edirlər. Anons verdi ki, hamısı cavabını alacaq. Bir gün sonra eks-nazirlərdən birinin istintaqa çağırılması xəbəri yayıldı. Səlim Müslümov bunu yaşadı, hətta işə eks-nazirin atası Yanvar kişi də qarışdı. Dedi ki, oğlumu istintaqa-filan çağırmayıblar, evdədir. İki gün sonra “evində oturan oğlan” həbs olundu. Başladı səslər bərk çıxmağa: “Bəs Ziya Məmmədov? Bəs…” Ekslərin adı bir-bir sadalanmağa başladı. Az qan uddurmayıblar axı bu camaata. Elə bu zaman ayıyeyən oğlanın – müğənni Hadisəyə hadisə yaşadan, özünü az qala diasporanın atası kimi təqdim edən Anarın atası dedi ki, mən nəinki Bakıdayam, köçmüşəm Ucara, türkün sözü, kəndimə gəlmişəm, mal-qaranın südünü satıb dolanıram. Məndə pul-para nə gəzir? Hə, indi gəl sən bu kinodan baş çıxar. Amma nəzərə alanda ki, Yanvar kişi də oğlunun evdə olduğunu demişdi, adam barmağını dişləyir. Evdə olmaq, ya da inək sağmaq hələ o demək deyil ki, bir saat sonra qara maskalı səni maşına basıb istintaqa aparmayacaq. Necə deyərlər, sənə kim deyir, buğda-yonca əkmə? Yenə ək də, amma gəl bu tərəfdən də istintaqa ifadə ver, türməni çək…

Gözümüzün yaşını təzəcə silmişdik ki, hind filmlərinin fəxri konsulu, PR meneceri Vaqif Mustafayevin “Space” kanalının rəhbərliyindən getdiyini öyrəndik.

Əslində, öz xoşu ilə getmədi, təsisçi bu kanaldan narazı qaldığı üçün onu kənarlaşdırdığını bildirdi. Bu da heç kimə sürpriz olmadı. Çünki “Space” kanalında məvaciblər də “indeyski” janrda verilirdi. Göz yaşı sel olurdu, işçilər 4 ay əvvəlin gündəmi ilə yaşayır, yayda almalı olduqları məvacibi qışda alırdılar. Kanalın binası az qala hüznlü fon musiqisinin sədası altında inildəyirdi. Acı çəkən kim, intriqa ocağını qaynadan kim, serial kimi bir iş günü yaşayan kim… Bəzən kanalda kimlərinsə sevimlilərinin elə at oynatdıqları, fironluq etdikləri barədə xəbərlər yayılırdı ki, adam yekə-yekə məmurlara şükür edirdi. Deyirdin, bir kanalın rəhbəri öz yaxınlarına bu qədər özbaşınalıq üçün icazə verirsə, nazirliyi qohum-əqrəba məclisinə çevirən nazirdən nə gözləyək? Bütün sadaladıqlarım bu kanalda işləyənlərin dilindən səslənib, manşetlərə çıxıb, müsahibələr verilib. Əks halda, Nəsibə demiş, biz nə bilək kim kiminlə cükküldəşir…

Bu tərəfdən də əsəbi millətim Röyanın növbədənkənar koronavirus peyvəndi etdirməsinə qəzəblənib.

Dərhal “araşdırmaçı jurnalistika” düşüb izə. “Niyə Röya? Hansı əsasla? Hansı haqla?” deyib hayqırdılar. Gözünə döndüyüm özəl klinika da (hansında k, manısə xanım peyvənd olunmuşdu) açıqlama verdi ki, bəs o bizim PR menecerimizdi, dəftər-kitaba da salınıb, işçilər də peyvənd oluna bilər. Maraqlanmaq istəyirsizsə, sənədləri də göstərə bilərik. Di gedin! Yox, elə halva idi bu ölkədə Röyaya söz demək, özəl klinikanı divara dirəmək! Röya bu məmləkətdə BDU-nun hüquq fakültəsinə qəbul olmadan oranın diplomunu almış adamdır. Zamanında rektor Abel müəllimdən jurnalistlər bunun səbəbini soruşmuşdular. Demişdi ki, “nə istəyirsiz e ondan? Yüz minlərlə insanı arxasınca aparır”. Ölkədə karantin rejimini pozub məclis edənlər, məclisə gedən müğənnilərin sayı yüzlərlədir. Amma adda-budda cəzalandırılıb, ibrəti-aləm üzr istətdirilir. Niyə? Çünki onların hamısı, bəli, mütləq hamısı qızıl fondumuzdur, korifeylərimizdir.

Hamısı az qala nazir səviyyəsində müdafiə olunur. İdarə qapılarını ayaqları ilə açırlar. Bəli, millətimiz sənətə və sənətçiyə çox yüksək qiymət verəndir. Uşağının boğazından kəsər, amma toya müğənni çağırıb, 15 minindən keçər. Söz düşəndə müğənnini söyər, ağzına gələni deyər. Amma məclisdə-yolda görəndə selfi çəkdirmək üçün növbəyə dayanar. Belə ziddiyyətlər içində millətik. Həftə sonudur, gülməli bir söz deyim, kefiniz açılsın. Demək, bir səs yazısı yayılıb. Bir şagird müəlliməsinə səs yollayıb və şipşirin Qərb ləhcəsi ilə danışır. İlk saniyədən hiss olunur ki, dərsdən bezib və müəlliməni də başından eləmək istəyir. Amma diplomatik yolla. Deyir, “məllimə, gedem dıqqıcana (bu, həmin ləhcədə azca deməkdir) dincəlem, zaryadka zad da yığsın dana telefon. Sən də dıqqıcana dincəl. Sonra Allah haqqı, gələjəm dərsə. Niyə gəlmiyim ki, ay məllimə?”.

Mən o səs yazısına gün ərzində yüz dəfə qulaq asıb-asıb uğunmuşam. Təkcə ona görə yox ki, uşaq doğma ləhcəmizdə, şirin-şirin danışır. Həm də ona görə ki, uşaqda tipik azərbaycanlı təfəkkürü var. Bir suyu da Ziya Məmmədova, eks-məmurlara bənzəyir. Onlar da indi “dıqqıcana” dincəlirlər, sonra yenə qayıdacaqlar. Mən ölü, siz diri. Görəcəksiniz…

Sevinc TELMANQIZI