23 Dekabr 2024

Moskvadan Bakıya qarşı “termin müharibəsi”

Hələ də rəsmi açıqlamalarda “Dağlıq Qarabağ”, “təmas xətti” ifadələri yazılır

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda bütün təmas xətti boyu və Laçın dəhlizində yerləşən 27 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarəti təmin edir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin 25 noyabrda yaydığı məlumatda deyilir.

Azərbaycan 44 günlük müharibədə təmas xətti məsələsinə qon qoysa da, göründüyü kimi, Rusiya tərəfi hələ də rəsmi bülletenlərində “Dağlıq Qarabağ”, “təmas xətti” ifadələrini işlədir. Nə vaxtadək belə olacaq? Buna rəsmi şəkildə etiraz bildirməliyikmi?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bundan əvvəlki dönəmlərdə də xarici işlər naziri də daxil olmaqla müxtəlif ranqlı rus rəsmiləri “Dağlıq Qarabağ”, “təmas xətti”, “Dağlıq Qarabağın hərbi birləşmələri” və s. bu kimi absurd, Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik ifadə edən terminlərdən istifadə ediblər, iradlar bildirilməsinə baxmayaraq etməkdə davam edirlər: “Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenlərində də mütəmadi olaraq bu ifadələrdən istifadə olunur. Təbii ki, bu cür terminlərdən istifadə olunması Azərbaycana hörmətsizlik ifadə etməklə yanaşı, həm də suverenliyimizə qarşı təhdid kimi qəbul olunmalı və Azərbaycan XİN, o cümlədən digər rəsmi dövlət qurumlarımız şimal qonşumuza bununla bağlı nota təqdim olunması da daxil olmaqla ciddi reaksiya verməlidirlər. Amma təəssüflər olsun ki, biz bir çox hallarda rəsmi qurumlarımızın dövlətimizə qarşı yönəlmiş bu cür münasibəti görməzlikdən gəlməklərinin, ən yaxşı halda isə XİN-in sıradan ”dişsiz” bəyanatlarının şahidi oluruq.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə 

Müstəqil Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə və suveren hüquqlarına hörmətsizlik ifadə edən belə terminlərdən istifadə edən tərəfə ciddi təpki göstərilməməsi heç bir halda qəbul oluna bilməz. Belə “ehtiyatlı” davranmanın nəticəsidir ki, üzərindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq 10 noyabr bəyannaməsinin erməni hərbi quldur birləşmələrinin ərazilərimizi tərk etməsini özündə ehtiva edən 4-cü bəndi başda olmaqla bir sıra mühüm müddəaları hələ də kağız üzərində qalmaqdadır. Bunun nəticəsidir ki, həmin erməni hərbi quldur dəstələri artıq rus hərbçilərinin gözü qarşısında belə, Azərbaycan əsgərinə qarşı terror aktları həyata keçirməkdən çəkinmirlər. Çünki elə həmin “sülhməramlı” adlandırılan, əslində isə fəaliyyətləri ilə erməniməramlı missiya həyata keçirdiklərini sübut etmiş rus hərbçilərinin dəstəyinə arxalanan erməni terror birlikləri cəzasız qalacaqlarına əmindirlər. Sonucda ərazisində terror cinayətləri törətdikləri Azərbaycana deyil, öz qondarma qurumlarına təhvil veriləcəklərini də bilirlər. Bu isə nonsensdir və nəinki yerli, həmçinin beynəlxalq hüquq normaları ilə də ciddi ziddiyyət təşkil edir”.

A.Əlizadə qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dövlətimizin və hər bir vətəndaşın qırmızı cizgisidir. Bu cizgini hansı dövlətin keçməsindən asılı olmayaraq ona ciddi reaksiyamız olmalıdır: “Bu kontekstdən yanaşaraq aidiyyəti dövlət qurumlarımızı və hakimiyyət yetkililərini öz vəzifələrinə məsuliyyətli yanaşmağa çağırıram – qarşı tərəfin Rusiya və ya digərləri olmasından asılı olmayaraq”.

Yeri gələndə "biz erməniləri düşünürük" deməliyik"-ABUTALIB SƏMƏDOV |  Analoq.az

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, 10 noyabr üçtərəfli bəyanatında “Dağlıq Qarabağ” və “təmas xətti” ifadələri işləndiyinə, Rusiya sühməramlıları bu sənədə uyğun olaraq regiona gəldiklərinə görə bizim etiraz etməyimiz heç bir nəticə verməyəcək: “Məlumdur ki, Ermənistan və Rusiya sülhməramlılara  mandat verilməsini və həmin sənəddə ortaya çıxan məsələlərin həlli yollarının göstərilməsini təklif edirlər. Azərbaycan isə hesab edir ki, 10 noyabr sənədi özü sülhməramlıların mandatıdır və əlavə sənədin qəbuluna ehtiyac yoxdur. Güman edirəm ki, gələcəkdə imzalanacaq sülh sazişində və digər sənədlərdə ”təmas xətti” ifadəsi yerinə başqa bir söz yazıla bilər. Bütün hallarda, Qarabağın erməni və azərbaycanlı əhalisi arasında bir müddət ayırıcı qüvvələrin yerləşməsinə ehtiyac ola bilər. Elə etməliyik ki, bu müddət mümkün qədər qısa olsun. Bununçün, köçkünlərimizin mümkün qədər tez öz evlərinə, yaşayış yerlərinə qaytarılmasını təmin etməliyik. Sülh sazişinin  imzalanması, köçkünlərin geri qayıtması gecikərsə və növbəti 5 il üçün  sülhməramlılara ehtiyac olarsa, biz Rusiyanın təkbaşına bu işi görməsinə imkan verməməli və ayırıcı hərbi qüvvələrin çoxmillətli olmasını və burada türk əsgərlərinin mütləq təmsil olunmasını tələb etməliyik.

“Dağlıq Qarabağ” inzibati ərazi vahidinin olmaması barədə Azərbaycan rəhbərliyi dəfələrlə bəyanat verib və bütün dünyanın bu reallığı qəbullanmasını tələb edib. Ancaq nə qədər ki, 14 iqtisadi rayonun bazasında yeni inzibati ərazi vahidləri – vilayətlər və ya mahallar yaranmayıb dünya bu ifadəni işlətməkdə davam edəcək. Ona görə də Milli Məclis öz səlahiyyətinə uyğun olaraq, Azərbaycanın yeni inzibati-ərazi bölgüsünü müəyyənləşdirməli və elan olunmalıdır ki, Azərbaycanda keçmiş “Dağlıq Qarabağ”ın ərazisinin də daxil olduğu Qarabağ vilayəti, yaxud mahalı mövcuddur və hamı onu belə də adlandırmalıdır. Hələlik yalnız “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi rayonlarının yaradıldığı elan olunub. İqtisadi rayonlar isə inzibati ərazi vahidi sayıla bilməz”.