Mixail Saakaşvili Gürcüstan hakimiyyətinə tələb qoyub
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 12-də paytaxt Tbilisidəki “Vivamedi” tibb mərkəzinə köçürüləndən bəri 20 kiloqram arıqlayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 5-də belə açıqlama verən vəkil Şalva Xaçapuridze deyib ki, Mixail Saakaşvili dərman və qida qəbulundan imtina edib, amerikalı həkimlərin onu müayinədən keçirməsini istəyir.
Mixail Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, həmçinin Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb.
İki dəfə parlamentin deputatı seçilib, ədliyyə naziri, Tbilisi meri olub.
2003-cü ildə dinc inqilaba başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
2013-cü ildə ölkəsini tərk edib.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.
2017-ci il iyulun 25-də Ukrayna vətəndaşlığından çıxarılıb, 2018-ci il fevralın 12-də ölkədən deportasiya edilib.
2019-cu ildə Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub, 2020-ci ildən o, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.
Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da gizli yolla Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulandan sonra sabiq prezident iki dəfə aclıq aksiyası keçirib (1 oktyabr-20 noyabr 2021-ci ildə və 21 fevral-10 mart 2022-ci ildə).