20 İyun 2025

Minasız Qarabağa sağlam qayıdış

Ermənistanın torpaqlarımızı mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirkləndirməsinə,  günahsız insanların ölümünə səbəb olmasına, məcburi köçkünlərin torpaqlarına təhlükəsiz qayıtmasına mane olması məsələsinə beynəlxalq hüquqi qiymət verilməlidir

Hazırda Qarabağda və Şərqi Zəngəzurda bütün minatəmizləmə əməliyyatları Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin inkişaf planlarına əsasən həyata keçirilir. Əsas üstünlük verilən ərazilər isə  infrastrukturun bərpasına xidmət edən ərazilərdir. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Həmçinin peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyimiz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır. Biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür. Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” ( mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərdə mühəndis işləri davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini həyata keçirirlər.  

Müdafiə Nazirliyindən verilən məlumata görə, azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq ərazi tam təmizlənib, 233 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib. Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14448 hektardan artıq ərazi tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib.

Ərazilərin mina­dan təmizlənməsi üçün Azərbaycanın resurslarından və  potensialından istifadə edilməsi bərpa-quruculuq prosesinin sürətləndirilməsinə nə qədər müsbət təsir edirsə, düşmən tərəfindən təhvil verilmiş xəritələrin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsinə mənfi təsir edir, bu prosesini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə olaraq qalır.  Bu, o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə çalışır. Ağdam, Füzuli və Zəngilan rayonlarında öncə verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi 25 faiz təşkil etdiyi artıq faktdır.

Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında ən sərt formalarda bu xəritələrin Azərbaycana verilməsinin vacibliyini bildirib. Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda, bütün çıxışlarında torpaqlarımızın minalanması məsələsini diqqətə çatdırıb. Dövlət başçısı dəfələrlə beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi müdaxilə etməsini və Ermənistanın xəritələri verməli olduğunu bildirib. Günü bu gün də Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, xüsusilə BMT-dən daha fəal dəstək gözləyir. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq çoxlu sayda insan mina qurbanı olub. Təəssüf hissi ilə qeyd edirik ki, müharibədən sonra 200-ə yaxın  mülki və hərbi vətəndaşımız  ya həlak olub, ya da  yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu ərazilərdə minalanmış sahələrin olması, yalnız Azərbaycan vətəndaşları üçün deyil, eyni zaman­da, bölgədə xidmət edən sülhməramlı qüvvələrə də təhlükədir. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, minalar gələcəkdə müəyyən ölçüdə Ermənistan vətəndaşları üçün də real təhdidə çevrilir.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanan ərazilərin xəritələrini verməkdən boyun qaçırmaq­la beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərini pozub və bunu rəsmi şəkildə bildirməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Yeri gəlmişkən, Ermənistanın faşist xisləti ilə bağlı bir məqamı da xatırlat­maq istərdik. Belə ki, 2021-ci il parlament seçkiləri ərəfəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində seçiciləri ilə görüşdə Azərbaycanın işğaldan azad edilən yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılma­sı faktını təsdiq edir. Bildirib ki, Azərbaycana təqdim olunan mina xəritəsi əllərində olan xəritələrin kiçik bir hissəsidir. Paşin­yanın bunu rəsmi şəkildə bəyan etməsi Azərbaycanın davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyi narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha təsdiqləyir.

 Unutmayaq ki, torpaqları minalardan təmizləmək də olduqca bö­yük zəhmət tələb edən işdir. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda təhlükəsiz həyat da bərpa edilə bilməz. Bu baxımdan da  ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edir ki, mina gizli düşməndir. Təhlükəli ərazilərə daxil olmayın! Minalanmış ərazilər ölüm tələsidir: “Minalar insanların gözlə aşkar edə bilməyəcəyi şəkildə basdırılır. Naməlum əşya gördükdə yaxınlaşmayın, toxunmayın və aidiyyəti qurumlara müraciət edin. Kəsə yollar, atılıb qalmış hərbi sursat, texnikalar təhlükə mənbəyidir. Partlayıcı qurğulara toxunmaq, zərbə yetirmək ölümcül fəsadlar yarada bilər. Zaman keçdikcə partlayıcı qurğular daha həssas və təhlükəli hala gəlir. Minasız Qarabağa sağlam qayıdış üçün təhlükəsizlik qaydalarına riayət edək.”

Minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir. Ümid edirik və inanmaq istəyirik  ki, işğalçı dövlət mənfur əməllərini bir kənara qoyub, tezliklə ərazilərimizə aid bütün mina xəritələrini ölkəmizə təhvil verəcək.