23 Dekabr 2024

“MilliÖn”də vəsait balansa yüklənmirsə, nə etmək lazımdır? – Açıqlama

MilliÖn terminalları vasitəsilə BakıKart ödəmə kartlarına vəsait yüklədikləri zaman bəzən vətəndaşlar problemlə üzləşirlər. Belə ki, ödəniş təsdiq edildiyi zaman sistemdə donmalar yaranır və vəsait balansa yatırılmır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “MilliÖn” Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, vətəndaşın kartına yatırılmayan vəsait istənilən halda həmin şəxsə geri qaytarılır. O, bildirib ki, ancaq ilk öncə terminalların üzərində olan qaynar xətt ilə əlaqə saxlamaq lazımdır:

“MilliÖn terminalı vasitəsi ilə əməliyyat aparan müştərinin kartına pul köçürülmə zamanı xəta baş verərsə, ilk növbədə terminalın üzərində olan qaynar xətlə əlaqə saxlanılmalıdır. Xətalar müxtəlif səbəbdən ola bilər, müştərinin özü ucbatından, yaxud texniki nasazlığa görə. Problemlə üzləşən şəxs qaynar xətlə əlaqə saxlayıb xəta haqqında bildirsə, vəsaitin müxtəlif yollarla ona geri qaytarılması mümkündür. Əgər müştəri MilliÖn ofisindən çox uzaqdadırsa və ya kiçik vəsaitə görə ofisə gəlmək istəmirsə, vəsait onun kommunal və ya digər ödənişlərinə yönləndirilə bilər”.

Müştəri Xidmətləri rəhbəri əlavə edib ki, müştəri pulu yerində də bərpa edə bilər. Bunun üçün o kartı oxucuya qoymadan terminalda BakıKart bölümünə girməli, bərpa et düyməsini sıxıb daha sonra kartı oxucuya qoymalıdı. Bu zaman vəsait onun balansına bərpa olunur və bu barədə müştəriyə qəbz də verilir.