Milli dəyərlərimizə dəyər qatan bayram – Novruz
Hər bir xalqın öz milli dəyərləri, adət – ənənələri vardır. Bu dəyərlərimizi özündə birləşdirən bayram isə Novruz Bayramıdır. Novruz yazın gəlişi, ilin başlanğacını sevinclə qarşıladığımız adət- ənənələrlə zəngin bayramdır. Torpağın oyanması, çiçəklərin açması, günəşin al şəfəqlərini yerə saçması baharın gəlişindən xəbər verməsidir.
Bu gün nənəm məndən bala, Novuz bayramına neçə gün qaldı deyə soruşdu. Hələ çox vaxt var nənə, niyə soruşdun ki?
İlk çərşənbəyə hazır olması üçün səməni cücərtməliyik. Nənəm dərindən bir ah çəkdi. Nə oldu nənə?
Heç bala, keçmiş günlər yadıma düşdü.
Göyçə mahalının Şiş qaya kəndində keçirdiyim Novruz bayramlarını xatırladım. Biz o vaxtı Novruzun gəlişini səbirsizliklə gözləyirdik. Birinci çərşənbədən əvvəl səməni cücərdərdik. Hər evdə 3 və ya 4 qab səməni cücərdib yazın gəlişinə hazırlaşardıq. Su çərşənbəsində hər kəs, əsas da subay qız və oğlanlar yuxudan tez oyanardılar. Səhər erkəndən 2 qab götürüb bulaq başına gedərdilər. Tez getməli idik, çünki Günəş yerə şəfəqlərini saçmadan su gətirməliydik. Bulaq başına çoxlu qızlar gələrdi və suyu doldurduqdan sonra oradakı balaca daşlardan 5 yaxud 7-ni suya atardılar. Bunu mənası həmin ilin düşərli və su gətirənin arzusunun gerçək olması idi. Həmin suyu evə gətirər və hər ailə üzvünə çiləyərdilər. O sudan hamı içməli idi. Həm də həmin suyu səməninin üzərinə tökürdük ki, tez cücərsin. Çərşənbənin axşamı bişən yeməyə- əriştə aşına da həmin sudan əlavə etmək adətimiz idi.
Axşam hər evin önündə tonqallar qalanırdı. Tonqalı odundan və ya samandan yandırırdılar. Ailənin hər üzvü dairəvi formada tonqalın ətrafina yığılardı. Ailə üzvləri tonqalın üzərindən hoppanar və 3 dəfə (Ağırlığım, uğurluğum bununla getsin deyirdilər). Bu ilk çərşənbəni belə yola salırdılar.
Od çərşənbəsində isə hər ailədə səməni bəzəyib kənarlarına şam düzərək yandırardılar. Axşam isə hər çərşənbə olduğu kimi tonqal qalayar üzərindən atlanardılar. Çərşənbələrin üçüncüsü- Yel çərşənbəsi (Qara bayramı ) ölənlərin bayramı kimi qeyd edilirdi. Qonşuda, qohumda, kənddə hələ ili çıxmamış yas evi varsa, ora gedərdilər. Yas evində yeməklər bişər, ölənlərin məzarı ziyarət edilərdi. Bundan başqa xonça bəzəyər, səməni və bulaqdan gətirdikləri suyu da aparırdılar. Hətta yas olmayan evlərdə də qonşuya hörmət əlaməti olaraq şənliksiz tonqal qalanardı, lakin yas evlərində tonqal qalamaq adətiyox idi.
İlaxır çərşənbənin gəlişinə 3 gün qalmış milli şirniyyatlar bişirərdilər. Süfrəmizin ən ləziz şirniyyatı paxlava, şəkərbura hazırlayardılar. Hər kəs ilaxırdan 1 gün əvvəl kirvə gəlişinə hazırlıq görərdi. Adət idi ki, kirvə 1 gün öncə uşağın bayram payını gətirməli idi.
Aş, bozartma Novruz bayramı süfrəsinin simvolu idi. İlaxir günü səhər tezdən hər kəs erkən oyanar, axşam üçün hazırlıq görərdilər. Axşamüstünə kimi bayram süfrəsi bəzənməli, səməninin kənarına şam düzülməli idi. Axşamüstü gənc qızlar və oğlanlar nənə-baba evinə yığışardı. Onlar bir yerə toplaşaraq novruz fallarına baxardılar. Məsələn üzük, iynə, kökə çati-çati və bulaqdan su falları hər kəsin maraqla etdikləri adətlər idi.
Yaşı 7 və ya 8 olan uşaqları bulağa göndərərdilər. Uşağın hər əlinə 2 qab verib dilək tutardılar. Qabın biri dolu, biri isə boş gəlməli idi. Bu ayində uşaq danışmamalı idi. Niyyətinin dolu qabla birgə həyata keçəcəyinə sonsuz inam var idi. Bu dilək 3 dəfə edilə bilərdi.
Elə həmin suya qızların nə vaxt ailə quracağını bilmək üçün üzük falı edərdilər. Nişanlı qızın üzüyünə subay qızın telini bağlayıb stəkana vururdular, nə vaxt dayandısa o zaman da ailə quracağı yaşı hesablayardılar. Suyu güzgünün qarşısına qoyub insanın başına gələcək hadisələr barədə təxminlər yürüdərdilər. Sonda isə qulaq falına çıxardılar. Evlərin qapısını dinləyir, niyyət tutardılar. Gözəl söz eşitsə yaxşı, pis söz eşitsə niyyətinin pis olacağına yozardılar. Ondan sonra hamı evinə gedərdi. Hər kəs evində tonqal qalayar, bayramı qeyd edərdilər. Yaxın qohumlar bir -birinə gedib gəldikdən sonra qonşulara gedərdilər, gecə yarı olana qədər yeyib içərdilər.
İlaxırın səhəri gün isə “çiləşmə“ olardu. Hər kəs səhər gün çıxmadan bulağa su gətirməyə gedərdilər. Gənclər və uşaqların əlində su dolu qab olurdu. Yolda qarşısına çıxan hər kəsə su atardılar. Çiləşmənin mənası aydınlığa çıxmaq anlamına gəlirdi. Ondan sonra axşama kimi qohum- qonşu bir- birlərinə bayramlaşmağa gedərdilər. Çiləşmənin səhəri bayramdan əvvəl qurşaq olurdu. Hər kəs soğan qabığı olan suda yumurta bişirərdi. İnsanlar baca -bacaya çıxardılar. Hər kəs əlində torba ilə gəzərdi. Damın üstdəki bacadan evin içinə torba atardılar və “Bizim baca- baca payımızı verin” deyərdilər. Ev sahibi o torbanin içərisinə yumurta və bayram nemətlərindən qoyardu. Qurtardıqdan sonra isə torbanı çəkib aparardılar. Baca- baca günortaya kimi davam edərdi.
Keçəl və kosa isə Novruzun ən yaddaqalan obrazlarından sayılardı. İlaxir günündən başlayaraq bayram bitənə kimi keçəl və kosa məhlələrdə gəzər, şənlik edərdilər. Şənlik Keçəl, Kosa, Bahar qızı və musiqi çalanlardan ibarət olardı. Kənddəki hər kəs şənliyə gələrdi. Hər evdən şirniyyat xonçaları və yeməklərdən gətirərdilər. Şənlik olan yerdə böyük süfrə qurardılar. Ürəyi istəyən hər kəs yeyə bilərdi. Bayram bitənə kimi hər gün kişilər və oğlan uşaqları kəndin içinə toplayıb xoruz döyüşdürər, yumurta toqquşdurardılar. Kimin yumurtası möhkəm olub qırılmasa, qırdığı bütün yumurtaları özü ilə aparardı.
Martin 21-i ilin başlanğıcı qeyd edilirdi. Həmin gün plov dəmlənir, bozartma bişirilərdi. Bu gün ən əziz qohumu görməyə gedərdilər. Həmin gün tonqal qalanar, hər kəs yazın gəlişini böyük sevinclə qarşılayardı. Bayramın səhərisi isə ayin 22-i isə xalq arasında Məhəmməd Peyğəmbərin ( s.ə.s) taxta çıxması günü kimi qeyd edilərdi. Deyimə görə Peyğəmbərimiz qırmızı xalat geyinərək məhz həmin gün taxtda əyləşib. Elə buna görə də səmənin belinə qırmızı lent bağlayırlar. 22 martın səhəri isə hər evdə səməni halvası bişirilərdi . Bu hər kəsin etməli olduğu adətlərdən sayılardı.
Xatirələrə dalan nənəm sanki bir anlıq yuxundan ayılmış kimi eee bala, bizim dövrümüzdə bayramın öz gözəlliyi, təravəti var idi. İndi şükürlər olsun ki, gün-güzəran elə yaxşılaşıb ki, sanki hər gün bayram edir camaat. Amma, bir şey də qeyd edim ki, əziz balam, unutma ki, Novruz bayramımız illərin ağır sınağından keçib bu günümüzə gəlib çatıb. Bizim borcumuz bu milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və gələcək nəsilərə ötürməkdir.
Şəfa Səfərova,
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi