23 Dekabr 2024

Milli Demokratiya Fondunun qrantları demokratiyaya xidmət edir?

Azərbaycan cəmiyyətində ABŞ-a birmənalı münasibət yoxdur. Buna səbəb müstəqilliyinin bərpasının ilk illərində, demokratik inkişaf yolunu tutan, torpaqlarını Ermənistanın işğalından azad etmək istəyən ölkəyə qarşı ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilməsi idi.

1992-ci ildə qəbul olunan “907-ci düzəliş” adlanan bu sanksiya Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayırdı. ABŞ-ın indiki prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və onun ləğvinə qarşı dəfələrlə çıxış edib. Bu sanksiya indiyədək ləğv olunmayıb. Onu müvəqqəti olaraq dondurublar.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra ABŞ-da bu istiqamətdə də çıxışlar olub.

Məsələn, bir neçə ay əvvəl Ştatların İrəvandakı səfiri Linn Treysi erməni lobbisini nümayəndəsi kimi çıxış edərək bildirmişdi:

“30 illik müharibə və gərginlik bir gecədə həll oluna bilməz. Ancaq başa düşürük ki, burada həll edilməli olan bəzi təməl məsələlər var. Onlardan biri də, artıq dediyim kimi, budur ki, biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk qrupunun gündəliyində saxlamağa davam edəcəyik”.

Bu tip çıxışlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yönəlib. Bu baxımdan Linn Treysi beynəlxalq hüququn və BMT-nin əsas prinsiplərini də pozub. Məqsədimiz erməni lobbisinin maraqlarını ifadə etmiş səfirin çıxışına münasibət bildirmək deyil.

Bütün haqlı və haqsız bəyanatlarına baxmayaraq Azərbaycana münasibətdə ölkə ictimaiyyəti ABŞ-dan hər zaman ədalətli qərarlar gözləyir. Hazırda işğaldan təmizlənən Azərbaycan torpaqlarında quruculuq işləri görülür. Ölkə ictimaiyyəti qaçqınların öz yurdlarına qayıtması üçün indiki şəraitdə ABŞ-dan və müxtəlif maliyyə qurumlarından daha böyük dəstək gözləyir.

Ancaq ABŞ-ın Milli Demokratiya Fondu (Azərbaycanda həyata keçirilməsi məqsədilə) mücərrəd məsələlər üzrə 15 yeni qrant layihələrini təqdim edib.

Fondun rəsmi saytında dərc olunan məlumata əsasən, qrantlar insan haqları, şəffaflıq (korrupsiya ilə mübarizə), müstəqil KİV və ölkədə demokratiyanın inkişafı istiqamətləri üzrədir. Qrantların dəyəri 26 345 – 156 358 ABŞ dolları diapazonundadır.
Ən böyük qrant “Azərbaycanda müstəqil KİV-ə dəstək” üzrədir. Ümumiyyətlə, KİV-lə bağlı 3 istiqamət mövcuddur: “Müstəqil xəbər veb-saytı” (96 900 ABŞ dolları), “Xəbər aqreqatoru” (34 028 ABŞ dollar), “Azərbaycanda müstəqil KİV-ə dəstək” (156 358 ABŞ dolları).

Fond qrant alan tərəflərdən Azərbaycanda baş verən arzuolunmaz hadisələri – insan haqlarının pozulması, korrupsiya və s. faktlar – araşdırmağa, işıqlandırmağa, hesabatlar hazırlamağa tələb edir. Qrantların ümumi məbləği 970 235 ABŞ dollarıdır.

İllərin təcrübəsi isbatlayıb ki, bu kimi qrantlar daha çox ölkələrdə sabitliyin pozulmasına xidmət edir. Çünki oxşar layihələr keçmiş sovet respublikalarının bir çoxunda reallaşdırılıb. İndiyədək o ölkələrdə elan edilən istiqamətdə nəticələr əldə olunmayıb.
Son illər Ukraynada və Misirdə baş verənlər bunun ən bariz nümunəsi ola bilər. Krım yarımadası belə qrantı ayıranların gözü qarşısında bir gecədə ilhaq edildi. İndi isə Ukrayna Rusiya ilə üz-üzə qoyulub. İki qardaş dövlət müharibə vəziyyətindədir. Bu hal perspektivdə Ukraynada vətəndaş müharibəsinə də cevrilə bilər.

Hadisələr deməyə əsas verir ki, bu tip qrantlar demokratik dəyərlərin inkişafından çox qarşıdurmaya, regional münaqişələrin yaranmasına xidmət edir. İllər uzunudur Ermənistan əhalisi və dünya ermənilər bu tip layihələrlə maliyyələşdirilir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamaq belə layihələrlə ermənilərə yardım edilib.
Ehtimal etmək olar ki, bir milyon dollara yaxın maliyyə vəsaiti xaricdə fəaliyyət göstərən Azərbaycana qarşı olan qruplara veriləcək.

Hadisələr onu da təsdiqləyib ki, bu layihələr “mənə işlə” prinsipinə əsasən reallaşır.

Azərbaycanı sevənlər, burada demokratiyanın inkişafını istəyib, dəstəkləyənlər indiki şəraitdə qaçqın düşənlərin yurdlarına qayıtması üçün quruculuq işlərinə maliyyə vəsaiti ayırsa daha faydalı olar. Bu, həm onların illər uzunu pozulan insan hüquqlarının bərpasına yardım olar.

Sədrəddin İsmayılov