“Məşğulluq marafonu” çərçivəsində 1000-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub – VİDEO
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci ildən etibarən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında marafon keçirilir. Marafonun başlıca məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.
Dövlət Məşğulluq Agentliyinin Özünüməşğulluq şöbəsinin müdiri Fərid Həsənov “İki sahil”ə bildirib ki, 2020-ci ildə Şəhid ailələrinin üzvləri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi və onların məşğulluq tədbirlərinə yönləndirilməsi məqsədilə tədbirlər planı təsdiqlənmişdir: “Bu günə qədər artıq 13 000 nəfərdən çox şəhid ailəsi üzvü və qazi ilə müxtəlif işlər aparılmışdır və onlardan artıq 10 000 nəfərdən çox bu kateqoriyadan olan şəxsə məşğulluq tədbirləri üzrə dəstək göstərilmişdir. Qeyd edim ki, Özünüməşğulluq proqramı çərçivəsində 5495 nəfər Şəhid ailəsi üzvü və qazi proqrama cəlb olunaraq, artıq öz kiçik bizneslərini qurmuşlar. Məşğulluq Marafonu layihəsinin təfərrüatları barədə isə bildirib ki, bu layihə Dövlət Məşğulluq Agentliyi tərəfindən yaranıb. Post-müharibə dövründə artıq işəgötürənlər, istər dövlət qurumları, istər özəl təşkilatlar müstəqil olaraq, öz istəkləri ilə bu marafona qoşulublar. Məşğulluq Marafonu layihəsi çərçivəsində indiyədək artıq 605 işəgötürən öz vakansiyalarını çıxarmışdır və 3963 vakansiya təqdim olunmuşdur. Bununla da artıq 1480 nəfər Məşğulluq Marafonu layihəsi üzrə işlə təmin olunmuşdur, hansı ki həmin şəxslər Şəhid ailələrinin üzvü və qazilərimizdir.
Qeyd edim ki, Məşğulluq Marafonu layihəsi üzrə Şəhid ailəsi üzvləri və yaxud qazilər Dövlət Məşğulluq Agentliyi rəsmi internet səhifəsinə daxil olaraq, orada Məşğulluq Marafonu bölməsini seçərək, qeydiyyatdan keçib, bu Marafonda iştirak edə və işlə təmin oluna bilərlər. Və yaxud da faktiki olaraq, yaşadıqları ərazi üzrə ərazi məşğulluq filiallarına və yaxud da ki, Dost mərkəzlərinə müraciət edib, istər Məşğulluq Marafonu, istər özünüməşğulluq proqramları və digər aktiv məşğulluq proqramlarında iştirak edə bilərlər. Əlavə olaraq da, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının göndərişi ilə 2797 nəfər də müxtəlif sahələr üzrə işlə təmin olunmuşdur.”
Fərid Həsənov həmçinin onu da bildirib ki, Məşğulluq marafonu çərçivəsində fəaliyyət sahəsi 2022-ci il ərzində də nazirliyin prioritet istiqamətləri sırasında olacaq.