22 İyun 2025

Mənzillərin qiymətində artım: Niyə qurunun oduna yaş da yanmalıdır?

Yeni ilə başlayar-başlamaz gündəmə gələn mövzulardan biri də Bakı şəhərində mənzillərin qiymətinin artması ilə bağlı xəbərlərdir. Söhbət ondan gedir ki, hələ ötən ilin birinci yarısında inşaat materiallarının qiyməti artanda bunun daşınmaz əmlak bazarına təsir edəcəyi istisna edilmirdi. Dövlət Statistika Komitəsinin aylıq bülletenlərindən məlum olur ki, ötən ilin əksər aylarında inşaat materialları ən çox bahalaşan qeyri-ərzaq məhsullarının sırasında yer alıb.

Lakin reallıqda inşaat materiallarının bahalaşması ötən il tikilməkdə olan və ya tikintisinə başlanılan mənzillərin qiymətini artırmalı idi. Yerli mənzil bazarı ilə bağlı rəsmi məlumatlar olmasa da bu sahədə fəaliyyət göstərən şəxslərin dediklərinə görə, nəinki yeni tikilən mənzillərin, əvvəlki illərdə, hətta 1970-1980-ci illərdə istismara verilmiş  mənzillərin qiymətində də bahalaşma olub.        

Yeni tikilmiş mənzillərlə yanaşı, köhnə tikililərin də bahalaşması inşaat materiallarının qiyməti ilə bərabər, digər amilləri də nəzərdən keçirməyi tələb edir. Bu sırada, ilk növbədə,  tələb-təklif amilini vurğulamaq olar. Belə ki, pandemiya ilə əlaqədar tətbiq edilmiş sərt karantin rejimi 2020-ci ildə əksər sahələr kimi, Bakı şəhərinin mənzil və fərdi ev bazarında da kəskin enişə səbəb olsa da, ötən ilin əvvəlindən başlayaraq yumşalmaların bu sektorda  müəyyən canlanma yaratdığı bildirilir.

Məlum məsələdir ki,  “hər şeyin qiyməti artır, evlər də bahalaşacaq” kimi klassik düşüncə tərzi sonrakı illərdə nəzərdə tutulmuş mənzil alışını tezləşdirmə ehtimalı yaradır. Eyni zamanda, əmanət faizləri ilə bağlı vəziyyət  pulu banka qoymaqdansa daşınmaz əmlaka  yatırmağı əlverişli edir. Belə ki, son illərdə mənzillərin qiyməti ilə bərabər, kirayə qiymətləri də artır. Əmanət faizləri isə nəinki artmır, əksinə azalmağa doğru hərəkətdədir. İnflyasiyanı nəzərə alanda əmanətlərin real faizi mənfidədir.  Ancaq bu o demək deyil ki, əhali kütləvi halda mənzil alışına başlayıb və ya pullarını banklardan çıxarıb daşınmaz əmlaka yatırır. Heç əmlak sektoru da müştəri bolluğundan danışmır.

Ekspertlər isə bu fikirdədirlər ki, paytaxtda tikintiyə yararlı torpaqların sahəsi azalmaqdadır ki, bu da mənzillərin qiymətinin artmasına gətirib çıxarır. Bildirilir ki, yeni tikililərin boş sahələrdə deyil, köhnə yaşayış binalarının sökülərək yerində inşa edilməsi mənzillərin maya dəyərini artırır. Ancaq bu amil də 1970-1980-ci illərdə tikilmiş mənzillərin bahalaşmasına bəraət qazandırmır.

Görünən odur ki, “qurunun oduna yaş da yanır”. Yəni, yeni tikilmiş mənzillərdəki bahalaşma  köhnə mənzillərə sirayət edir. Bu isə  köhnə mənzillərə marağın hələ də böyük olmasından xəbər verir. Nəticədə yeni tikililərin müxtəlif səbəblərdən bahalaşmaqda davam edəcəyi halda bunun köhnə tikililərin qiymətində öz əksini tapacağı istisna deyil.