20 İyun 2025

Məktəblilərə elektronika üzrə təlim keçirilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elan etdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Code and More” təhsil layihəsinə cəlb olunan məktəblilərə elektronika sahəsi üzrə təlim keçirilir.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, “Azərkosmos”un dəstəyi ilə təşkil olunan təlimdə şagirdlər “CubeSat” (Kub peyk) layihəsi üzərində çalışırlar. Layihə “CubeSat”ların hazırlanmasına, eləcə də məktəblilərin elektronika və mexanika sahəsində mühəndislik bacarıqlarının inkişaf etdirilməsinə hədəflənib.

Qeyd edək ki, “CubeSat” gənclərin hazırladığı və kosmosa göndərib araşdırmalar etdiyi peyk növüdür.

Altıaylıq təlim proqramının ilk dörd ayında məktəblilər elektronika sahəsinin əsaslarını öyrənirlər. Növbəti mərhələdə isə onlar real peyklərin hazırlanma prinsipləri əsasında kiçik ölçülü peyklərin modelləşdirilməsi və işləmə xüsusiyyətlərini mənimsəyir, həmçinin onların idarə olunması üzrə praktiki biliklər əldə edirlər.

Xatırladaq ki, “Technest” təqaüd proqramının əsas məqsədi informasiya texnologiyaları müxtəlif istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdə mövcud çatışmazlıqları aradan qaldırmaqdır. Proqram çərçivəsində 500-dək gənc və yeniyetmə ödənişsiz əsaslarla təhsil alır. Onlardan 120 nəfəri məktəblidir.

“Code and More” təhsil layihəsinin elektronika sahəsi üzrə növbəti tədris proqramına qeydiyyatın mart ayında açıq elan olunması nəzərdə tutulur.