23 Dekabr 2024

Meksikada “Xocalı soyqırımı” abidəsi önündə tədbir keçirib

Meksikanın paytaxtının Tlakskoake-Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” abidəsi qarşısında soyqırımın 30-cu ildönümü ilə əlaqədar Meksika Konqresi və Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən birgə anım tədbiri keçirilib.

Səfirlikdən “İki sahil”ə verilən xəbərə görə, Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Konqresin digər üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri və QHT-lərin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca səfir Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb, bu faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib, bu xüsusda bir çox dünya ölkələrinin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini söyləyib və bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migen Anxel Navarrete və millət vəkili Susana Prieto çıxış edərək Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı ifadə edib, bu faciə haqda Meksika və dünya ictimaiyyətinin məlumatlandırılması üçün daim çalışacaqlarını bildiriblər.

Tədbirdə səfirlik adından “Xocalı soyqırımı” abidəsi önünə əklil qoyulub, abidəni ziyarət edən iştirakçılar tərəfindən gül dəstələri düzülüb və qonaqlara qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.