Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir.
Bunu “İki sahil”ə açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Ölkədə Birinci vitse-prezidentlik institutunun 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə əsasən yaradıldığını xatırladan millət vəkili qeyd edib ki, dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü, Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.
Tamam Cəfərova qeyd etdi ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyət kredosunu 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında ilk çıxışı zamanı bəyan etmişdir: “…Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd oluna bilər ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı. Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir.
Millət vəkili bildirmişdir ki, təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur.
Millət vəkili fikirlərinin davamı olaraq bildirib ki, Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Tamam Cəfərova belə deyib.
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq, həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etmiş, beynəlxalq təşkilatları, hüquq-müdafiə strukturlarını, kütləvi informasiya vasitələrini Ermənistan siyasi-hərbi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətləri pisləməyə və hüquqi müstəvidə adekvat addımlar atmağa çağırmışdır.
Bu bir həqiqətdir ki, milli dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya xalqın rəğbət və sevgisini qazandırdı. Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə sadiq qalmışdır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyətini bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasına xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.
Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır. Tam əminliklə deyə bilərik ki, bu gün Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilmişdir.