MAQATE rəhbəri: “İranda nüvə bombası istehsalına dair heç bir dəlil yoxdur”
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını deyib.
Bunu o, Vyanada mətbuat konfransında bəyan edərək bildirib ki, “İranın özünü silahlandırdığına dair heç bir dəlil və ya işarə yoxdur”.
Qrossi əlavə edib ki, İran nüvə silahı olmayan yeganə ölkədir ki, uranı 60 faizə qədər zənginləşdirir və ehtiyatlarını yaradır: “Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır”.
Fevral ayında agentlik İranın bomba yaradılması üçün zəruri səviyyəyə qədər zənginləşdirilə biləcək uran ehtiyatının azaldığını, onun üç atom bombası istehsal edə biləcək nəzəri həddən aşağı salındığını bəyan edib.