11 Yanvar 2025

Lukaşenko tezliklə hakimiyyətdən gedəcəyini anons etdi – Qərbə qarşı siyasi manevr, yoxsa…

Asif Nərimanlı: “Belarus prezidenti özünü qorumaq istəyir”

Belarus prezidenti Aleksandr Lukaşenko sensasion sayılacaq açıqlama verib. O, tezliklə hakimiyyətdən gedəcəyini anons edib. Eyni zamanda Ukraynanın Belarusa hava qadağası tətbiq etməsinə cavab olaraq Krımı Rusiya ərazisi kimi tanıyacağını bildirib.

Kifayət qədər iradəli siyasətçi olan Lukaşenkonun bu açıqlaması nədir? Ona qarşı sanksiyaları get-gedə genişləndirən Qərbə, özəlliklə ABŞ-a qarşı siyasi manevr, Qərbin sayıqlığını azaltmaq cəhdi, yoxsa həqiqətən geri çəkilmək? İkinci halda Belarusun Ukraynanın gününə düşmə ehtimalı nə dərəcədədir?

Siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, “Batka” açıqlamalarını Kremllə razılaşdırıb: “Lukaşenko çox qeyri-sabit fiqurdur. Beynəlxalq siyasət baxımından bu belədir. Daim Rusiyaya qarşı demarşlar edib. Qərb tam olaraq Lukaşenkoya söykənə bilməyib. Son prezident seçkilərindən sonra Lukaşenko tam olaraq Rusiyanın qucağına düşdü. Belarusun Rusiyadan asılılığı daha da artdı. Kremlin Belarusu tam nəzarətinə götürdüyünü də demək olar. Artıq Lukaşenko anlayır ki, gələcək var, ailəsi var. Xalq qarşısında legitimliyini itirdiyini görür.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli: ““Batka” açıqlamalarını Kremllə razılaşdırıb”

Onun bu açıqlaması çox güman ki, Kremllə razılaşdırılıb. Lukaşenko getsə belə, ondan daha çox rusyönlü siyasətçi rəhbərliyə gələcək. ”Batka”nın təhlükəsizliyi Rusiya tərəfindən təmin olunub. Digər bir versiyam da ondan ibarətdir ki, Belarusla bağlı Rusiya və Qərb arasında anlaşma olub. Lukaşenko hakimiyyətdən gedir və hətta belə bir versiya var ki, Svetlana Tixanovskaya ölkəsinə qayıdıb, siyasi fəaliyyətini davam etdirir. Belarusun Krımı tanıması məsələsinə gəlincə deyə bilərəm ki, Ukrayna bu dəfə də qurban verilə bilər. Belə olarsa, düşünürəm ki, rəsmi Kiyev bundan nəticə çıxarmalıdır. Fillərin mübarizəsində həmişə qarışqalar qurban verilir. Çalışılmalıdır ki, fillərin mübarizəsində alətə çevrilməsinlər”.

Məhəmməd Əsədullazadə: “Lukaşenko üçün artıq sonun başlanğıcı gəlib”

Politoloq Məhəmməd Əsədullazadə isə Lukaşenkonun sonunun gəldiyini düşünür: “Belarusa qarşı ABŞ və İngiltərənin sanksiyalar tətbiq etməsi bu ölkədə daxili siyasi etirazların formalaşmasına hesablanıb. Müxalifət liderinin Ağ Evdə Bayden tərəfindən yüksək səviyyədə qəbulu göstərir ki, Vaşinqton Belarusda etirazlara dəstək verəcək, maksimum şəkildə bu siyasətə payız aylarından start verməsi mümkündür. Həmçinin kütləvi etirazların başlanması üçün planlar həyata keçirilir. Belarus Qərblə Rusiya arasında növbəti platsdarm olacaq. Əsas strateji plan Belarusu Rusiyadan qoparmaqdır. ABŞ Rusiya, Ukrayna və Belarus üçbucağını dağıtmaqla Rusiyanın gələcək perspektivdə hər hansı bir birlik yaratmasının qarşısını alır. Belarus planı ABŞ-ın Şərqi Avropa siyasətinin tərkib hissəsidir. Ona görə də artıq Aleksandr Lukaşenko növbəti təhlükənin real olduğunu görür. Və onun qeyd etdikləri heç də manevr deyil. Müəyyən vaxt qazanmaq üçündür. Amma Lukaşenkonun devrilməsi, hakimiyyətdən getməsi labüddür. Rusiyada artıq Lukaşenkonun hakimiyyətdən getməsində maraqlıdır. Amma elə bir fiqur gəlməlidir ki, Rusiya ilə əlaqələri qorusun. Tixanovskayanın hakimiyyətə gəlməsi ikinci Ukrayna ssenarisinə gətirə, Belarusda açıq qarşıdurma ola bilər. Məhz Belarus ətrafında situasiya gərgindir və Lukaşenko da anlayır ki, hakimiyyətdən getmək zamanı gəlib. Amma hakimiyyəti qərbçilərə verməyə hazırlaşmır. Bunu Rusiyada istəyir. Vəziyyət mürəkkəbləşsə, Rusiya qoşununun Belarusa daxil olmasi mümkündür. Rusiya Belarusda bütün ssenarilərə hazırdır. Lukaşenko üçün artıq sonun başlanğıcı gəlib”.

Siyasi ekspert Asif Nərimanlı bu açıqlamanın pərdəarxası məqamlarının çox olduğunu qeyd etdi: “Lukaşenkonun getmək istəyini Rusiyanın ”qərb qapısında” vəziyyətin nəzarətdən çıxması riskinə qarşı addımı hesab etmək olar. Qərbin postsovet məkanında Rusiyaya qarşı Ukraynadan sonra əsas hücum edəcəyi bölgələrdən biri Belarusdur və davamlı təzyiq edir. Məhz bu təhlükəyə qarşı Rusiya Minskin Moskvaya de-fakto birləşməsi ilə nəticələnəcək “dərin inteqrasiya” layihəsini irəli sürdü. Rusiya anlayır ki, Belarusda hakimiyyət dəyişməsə, Qərbin “rəngli inqilab” ssenarilərinə imkanlar artacaq.

Ukraynaya hərbi müdaxilədən sonra postsovet məkanında strategiyasına korrektələr edən Rusiya Ermənistanda Qərbin layihəsi ilə hakimiyyətə gələn Paşinyana toxunmadı, əvəzində onu nəzarətdə saxlayacaq rıçaqlarını gücləndirdi. Belarusda isə artıq mümkün riskləri önləmək istəyir. Bunun üçün illərdir hakimiyyətdə olan Lukaşenkonun getməsi şərtdir. Burada Lukaşenkonun özünün də maraqları var. Birincisi, Lukaşenkonun hakimiyyətdən inqilabla getməsi təhlükəsizliyinə və əldə etdiyi varidata risk yaranacağını anlayır. İkincisi, Lukaşenkonun, onun hakimiyyətdən getməsini istəyən Rusiyaya qarşı alternativi yoxdur. Üçüncüsü, Lukaşenko Belarus tarixində Rusiyanın “dərin inteqrasiya” layihəsinə, yəni Belarusu Rusiyanın tabeliyinə keçirəcək planın icraçısı kimi qalmaq istəmir. Görünür, Belarus prezidenti irəli sürdüyü konstitusiya islahatları ilə hakimiyyəti tədricən təhvil vermək və özünü qorumaq istəyir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”