Kür çayının aşağı axınında duzluluğun dəyişməsi ilə bağlı göstəricilər açıqlanıb
2022-ci ilin mart ayında respublikanın yerli və tranzit çaylarında mövcud vəziyyət və Kür çayının aşağı axınında duzluluğun dəyişməsi ilə bağlı göstəricilər açıqlanıb.
Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bildirilib ki, fevral ayında çaylarda adətən azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə yağıntının qar şəklində yağması və havanın temperaturunun mənfi olması nəticəsində çayların sahili buz bağlayır və hətta bəzi ərazilərdə sahilin tam olaraq buzla örtülməsi baş verir. Lakin son illər iqlim dəyişmələri fonunda qış fəslində temperaturun artması nəticəsində Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində şaxtalı günlərin sayının azalması baş verir ki, bu da müəyyən yüksəkliklərə qədər ərazilərə yağan qarın əriməsinə səbəb olur.
Böyük və Kiçik Qafqaz ərazisində mənfi temperatur müşahidə olunan günlərin sayı dağlıq ərazilərdə 10-12 gündən 7-9 günə, dağətəyi ərazilərdə 7-9 gündən 5-7 günə qədər azalıb.
Ay ərzində Balakən-Şəki bölgəsində yağıntının miqdarı normanın 8-17 %-ni (2021-ci ildə 106-111%-ni), Oğuz-Qəbələ bölgəsində 16-18%-ni (2021-ci ildə 83-100 %-ni), Quba-Xaçmaz bölgəsində 54-108%-ni (2021-ci ildə 68-111%-ni), Daşkəsən-Gədəbəy bölgəsində 40-44%-ni (2021-ci ildə 110-150 %-ni), Lənkəran-Astara bölgəsində 30-57%-ni (2021-ci ildə 54-121%-ni), Naxçıvan MR ərazisində isə 24-48%-ni (2021-ci ildə 61-169%-ni) təşkil edib.
Ay ərzində Balakən-Şəki bölgəsində havanın orta aylıq temperaturu normadan 4,90 yuxarı ( 2021-ci ildə 3,5-4,00 yuxarı), Oğuz-Qəbələ bölgəsində 4,50 yuxarı (2021-ci ildə 3,4-3,50 yuxarı), Quba-Xaçmaz bölgəsində 3,3-5,50 yuxarı (2021-ci ildə 1,8-5,10 yuxarı), Daşkəsən-Gədəbəy bölgəsində 3,1-4,30 yuxarı (2021-ci ildə 1,0-3,70 yuxarı), Lənkəran-Astara bölgəsində 3,8-4,40 yuxarı (2021-ci ildə 2,1-3,60 yuxarı), Naxçıvan MR ərazisində isə 3,0-5,20 yuxarı (2021-ci ildə 3,7-5,0 0 yuxarı) olub.
Respublika çaylarında sululuğun dəyişməsi
Ay ərzində Böyük Qafqazın ərazisindən axan (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Dəmiraparançay, Girdımançay, Vəlvələçay) çaylarda sululuq normadan 32 % çox, 2021-ci il ilə müqayisədə isə 40% çox olub.
Kiçik Qafqazın ərazisindən axan (Zəyəmçay, Gəncəçay, Kürəkçay) çaylarda sululuq normadan 30 % az, 2021-ci il ilə müqayisədə isə 37% az qeydə alınıb. Lənkəran-Astara bölgəsindən axan (Lənkərançay, Viləşçay) çaylarda sululuq normadan 52 % az, 2021-ci il ilə müqayisədə isə 2% az olub.
Tranzit çaylarda sululuğun dəyişməsi
Kür çayının Qıraqkəsəmən məntəqəsində ay ərzində suyun səviyyəsində 30 sm artım müşahidə olunub. Orta aylıq su sərfi 143 m3/s olmaqla normanın 85 %-ni təşkil edərək 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % çox olub.
Qanıx çayının Cəlayir məntəqəsində ay ərzində suyun səviyyəsi 4 sm azalma müşahidə edilib. Orta aylıq su sərfi 25,4 m3/s olmaqla normanın 35 %-ni təşkil edərək 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 % az olub.
Kür çayının aşağı axınında səviyyənin dəyişməsi
Kür-Surra məntəqəsində ay ərzində suyun səviyyəsi 59 sm azalaraq orta səviyyə 283 sm təşkil edərək 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 sm aşağı, Kür-Şirvan məntəqəsində ay ərzində suyun səviyyəsi 56 sm azalaraq orta səviyyə 101 sm təşkil edərək 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 sm aşağı olub.
Kür-Bankə məntəqəsində ay ərzində suyun səviyyəsi 19 sm azalaraq orta səviyyə 108 sm təşkil edərək 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 29 sm aşağı qeydə alınıb.
Kür çayının aşağı axınında duzluluğun dəyişməsi
Kür çayının Bankə məntəqəsində fevralın 1-dən 24-dək suyun səviyyəsi stabil qalsa da, ayın 25-dən başlayaraq ayın sonunadək səviyyənin azalması nəticəsində çayda duzluluğun miqdarı artıb. Fevral ayında orta duzluluq 1,4 q/l olmaqla, ayın 1-dən 24-dək 0,5-0,8 q/l, 25-dən 28-dək isə 5,6-6,9 q/l arasında dəyişib.