22 Dekabr 2024

Kremlin qəddar taktikası Rusiyaya baha başa gəlir: Putindən sülhün əvəzində Krım tələb olundu

ABŞ və Qərb Ukrayna savaşının Rusiyanın “nəfəsi” tam kəsilənə qədər davam etdirilməsində israrlı davranır… NATO-nun əsas taktikası Rusiyanın bütün hərbi potensialının məhz savaş meydanında sərf edilməsinə hesablanıb…

Rusiya sona doğru yaxınlaşır. Kreml dünya məkanında Rusiyanın mövqelərinin sürətlə itirilməsindən isterik durum yaşayır. Rusiya siyasi dairələri fəlakətin yaxınlaşdığını artıq anlayırlar. Ancaq bu təhlükənin qarşısını almaq üçün elə bir ciddi planlara malik deyillər. Bu, Kremli isterik və panik durumda daha da aqressiv davranmağa sövq edir.

Digər tərəfdən, Kreml nə qədər aqressivləşsə də, Rusiyanın əsas günahkar elan ediləcəyi yeni qlobal savaşdan da çəkinir. Çünki, bu halda NATO-nun hərbi potensialı qarşısında təkbaşına qalacağını anlayır. Üstəlik, Rusiyanın NATO-nun sahib olduğu müasir hərbi potensial qarşısında aciz olması da Kremli çıxılmaz vəziyyətə salıb.

Ona görə də, Kremlin aqressivliyi indi Ukraynaya münasibətdə daha qabarıq şəkildə ön plana çıxarılır. Ukrayna şəhərləri raket zərbələrinə məruz qoyulur. Dinc əhali və mülki obyektlər hədəfə alınır. Ukraynada normal həyat üçün vacib olan resursların tamamilə sıradan çıxarılmasına cəhd göstərilir.

Təbii ki, bu, Rusiyanın əl atdığı çox qəddar bir hərbi-psixoloji taktikadır. Kreml bununla Ukraynaya hərbi dəstək verən ABŞ və Qərbi sülh danışıqlarına çəkə biləcəyinə ümid bəsləyir. Çünki, Rusiya savaşı davam etdirmək imkanlarını böyük sürətlə itirir və sülhə indi ciddi ehtiyac duyur.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Halbuki, Ukrayna savaşı ətrafında baş verənlər hələlik sülhdən daha çox qlobal müharibə təhlükəsini ön planda saxlamaqdır. Xüsusilə də, Rusiyanın Ukrayna şəhərlərinə son raket zərbələri nəticəsində dünya demək olar ki, yeni qlobal savaşın “qapı”sından geri döndü. Və əgər, iddialar doğrulsaydı, Rusiya NATO ilə müharibə vəziyyətində olacaqdı.

Məsələ ondadır ki, Polşaya raket zərbəsinin endirilməsi olduqca təhlükəli hadisədir. Çünki Polşa NATO ölkəsidir və raket zərbəsinin məhz Rusiya tərəfindən endirildiyi təsdiqlənsəydi, bu, Ukrayna savaşının öz əhatə dairəsini genişləndirməsinə səbəb ola bilərdi. Çünki, NATO nizamnaməsinin beşinci maddəsinə görə, bu hərbi-siyasi alyans öz üzvlərini xarici müdaxilədən müdafiə etmək öhdəliyinə malikdir:

Polşa ərzinə düşən raketlərin kimə məxsus olduğu hələlik müəmmalı xarakter daşıyır və bu məsələ araşdırılır. Ancaq bu hadisədən belə anlaşılır ki, Ukrayna savaşının öz əhatə dairəsini genişləndirərək, dünya müharibəsinə çevrilməsində birbaşa maraqlı olan qüvvələr hər halda, mövcuddur.

Təbii ki, həm ABŞ, həm də digər NATO ölkələrindən bu insidentə verilən ilkin reaksiyalarda hərbi-siyasi alyansın öz ərazilərini qorumağa hazır olduğu birmənalı şəkildə vurğulandı. Amma Şimali Atlantika Alyansının hərbi əməliyyatlara başlamasından öncə Polşaya raket zərbəsini məhz Rusiyanın endirdiyi inkaredilməz faktlarla sübut olunmalıdır. Və belə bir sübutun ortaya çıxması Rusiyanın faciəvi sonu demək olardı.

Ona görə də, Kremlin tez-tələsik Polşa istiqamətində raket atmadığını, baş verən hadisənin Rusiyaya qarşı təxribat olduğunu bəyan etməsi tamamilə başadüşüləndir. Digər tərəfdən, ABŞ və Qərb də hələlik qlobal savaşa bulaşmağa həvəsli deyil. Bu səbəbdən də, ABŞ prezidenti Co Baydenin raketin Rusiya tərəfindən atıldığına ciddi şübhələrin olduğununa dair açıqlaması da çox gecikmədi.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Eyni zamanda, ilkin araşdırmalar nəticəsində məlum oldu ki, Polşa ərazisinə düşən raketlərin uçuş trayektoriyası onların məhz Rusiya tərəfindən atıldığını təsdiqləməyə imkan vermir. Ona görə də ehtimal edilir ki, Polşa ərazisinə düşən raketlər böyük ehtimalla Ukrayna ordusu tərəfindən Rusiyanın raket zərbələrinin qarşısını almaq üçün istifadə olunub və səhvən qonşu ölkəyə doğru istiqamətlənib. Yəni hələlik məlumatlar ziddiyyətlidir. Ciddi araşdırmalara ehtiyac var.

Göründüyü kimi, bu məsələdə hər hansı səhv və ya qərəzli yanaşma bütün dünya üçün böyük fəlakətə çevrilə bilər. Böyük ehtimalla Ukrayna savaşının qlobal müharibəyə çevrilməsində maraqlı olan bəzi beynəlxalq güclər bu hadisədən öz məqsədləri üçün istifadə etməyə çalışacaqlar. Ancaq buna qətiyyən imkan vermək olmaz.

Çünki, bütün dünyanın gələcək taleyi kimlərinsə özəl maraqlarına qurban verilə bilməz. Yəqin ki, ən yaxın günlərdə sözügedən önəmli və təhlükəli hərbi insidentin başvermə şəraiti tam dəqiqliyi ilə aydınlaşacaq. Müasir texnologiyaların hökmranlıq etdiyi indiki dövrdə isə bu, o qədər də çətin deyil. Və Kremlin indiki, yaxud gələcəkdə ola biləcək analoji hərbi insidentdə günahı təsdiqlənərsə, NATO-nun Rusiyaya qarşı hərbi əməliyyatlara başlaması qaçılmaz xarakter daşıya bilər.

Təbii ki, belə vəziyyətin uzun müddət davam etməsi də mümkün deyil. Belə ki, Kreml ən qısa zaman ərzində sülhə nail ola bilməsi Rusiyanın gələcək taleyi baxımından, böyük əhəmiyyət daşıyır. Çünki, zaman keçdikcə Rusiyanın hərbi potensialı daha da zəifləyir, nəticədə Kremlə yönəlik sülh şərtləri də buna adekvat olaraq, ağırlaşdırılır. Və bu, Rusiyanı bütün istiqamətlər üzrə ağır məğlubiyyətə doğru yaxınlaşdırır.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Məsələ ondadır ki, hazırda Ukrayna savaşı Rusiyanın qaçılmaz hərbi məğlubiyyətinə yönəlib. Zaman uzandıqca, Rusiya “savaş bataqlığı”nda daha dərin qatlara yuvarlanır. İndiki situasiyada yalnız sülh danışıqları Rusiya üçün müvəqqəti “nəfəslik” aça bilər. Halbuki, ABŞ və Qərb Rusiyaya belə bir “nəfəslik” vermək niyyətindən də çox-çox uzaqdır.

Ona görə də, böyük ehtimalla ABŞ və Qərb Ukrayna savaşının Rusiyanın “nəfəsi” tam kəsilənə qədər davam etdirilməsində israrlı davranır. ABŞ və Qərbin əsas taktikası Rusiyanın bütün hərbi potensialının sonuna qədər savaş meydanında sərf edilməsinə hesablanıb. Və məhz bu taktika savaşın hədəfə tam çatılana qədər uzadılmasını tələb edir.

Son məlumatlara görə, ABŞ və Qərb Rusiyanın gizli danışıqlar cəhdlərinə münasibətdə mövqeyini ciddi şəkildə dəyişib. Bir müddət öncə Kremlə Ukrayna ərazisinin tamamilə tərk edilməsi, yalnız Krım yarımadasının gələcək taleyinin daha sonra həlli təklif olunurdu. Kreml isə sülhə nə qədər böyük ehtiyac duysa da, bu təklifi qəbul etmək istəmirdi.

Rusiyanın Ukrayna şəhərlərini intensiv raket zərbələrinə məruz qoyması da məhz Kremlin daha sərfəli sülh şərtlərinə can atmasından qaynaqlanır. Ancaq ABŞ və Qərb Rusiyaya belə taktika ilə öz şərtlərini diqtə etmək şansı tanımaq niyyətində deyil. Belə ki, indi Kremlə təklif edilən şərtlər daha da sərtləşdirilib. Artıq sülh sazişi üçün Kremldən Krım yarımadasının Ukraynaya qeyd-şərtsiz qaytarılması tələb olunur. Və zaman keçdikcə, Rusiyanın daha ağır şərtlərlə qarşılaşa biləcəyinin açıq mesajı verilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu