21 İyun 2025

Kollec şagirdləri üçün Azərbaycan dili imtahanı keçiriləcək

Martın 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

DİM-dən “İki sahil”ə verilən xəbərə görə, imtahan saat 11:00-da başlanır və 1 saat 30 dəqiqə davam edir. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilirlər.

İmtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 27 qapalı tipli və 3 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli olmaqla 30 test tapşırığı təqdim olunur. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

İmtahan Bakı şəhərində 1 binada keçiriləcək. İmtahanın idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 13 nəzarətçi-müəllim, 2 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.