23 Dekabr 2024

Kəlbəcərlə qoşa anılan igid

Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Anar Əliyevin qəhrəmanlıq dastanı

Aprel… Sən ey illərlə Kəlbəcər elinin heç qarşılamaq istəmədiyi qaş-qabaqlı bahar ayı… Bilirsənmi, daha gəlişinlə Kəlbəcərin işğalından neçə, neçənci illər keçmir, hər ötən an kəlbəcərli bəxtəvərlər olmamızın üzərinə fəxarətli günlər, aylar, illər əlavə edir…

Bu xoşbəxtlik isə indi məzarı yanında dayandığımız Kəlbəcər elinin cəsur oğlu, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Vaqif oğlu Əliyev və onun timsalında minlərlə igid Azərbaycan oğlu sayəsində mümkün olub.

Bu da Tanrının qismətidir ki, Naxçıvan Əlahiddə Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Anar Əliyev haqqında hazırladığımız yazı da elə aprel ayına, 1993-cü ilin 2 aprelinin qisasının alındığını qürurla qeyd etdiyimiz günlərə təsadüf etdi…

Əfsanəvi kəşfiyyatçının yaşadığı qısa, lakin başdan-başa qəhrəmanlıqlarla dolu ömür səhifələrini doğma ailəsi, ata-anası, həyat yoldaşı, övladları ilə birgə II Fəxri xiyabanda, elə Anarın öz yanında vərəqlədik… Anarlı, Anarsız günlərə bir atanın övlad nisgiliylə, bir ananın yanıqlı bala oxşamasıyla, bir ömür-gün yoldaşının həsrətiylə və bir cüt gül balasının ata harayıyla baş çəkdik… Bəzən sözlər susdu, yalnız gözlərdən çarəsizcə axan göz yaşları danışdı… Bəzən isə bizə qəhrəman şəhidin başı üzərində qürurla dalğalanan üçrəngli bayraqlar, məzarını al dona bürüyən qərənfillər və bir dəstə qızılgül anlatdı Anar Əliyevin qəhrəmanlıq dastanını…

“Şuşanın açarı” Anargilin əlindəydi

…Dan yeri sökülür, üfüqdən boylanan solğun payız günəşi gülümsəyərək axşamdan yağaraq qızılı yarpaqların üzərində jaləyə çevrilən iri yağış damlalarının üzərində bərq vurur. Ətrafda qulaqbatırıcı sükut hökm sürsə də, arabir elə də uzaqda olmayan top, qrad mərmilərinin partlayış səsi bu lal sakitliyi pozub meşədə vahiməli əks-səda yaradır. Səhər ala-qaranlıqda bir dəstə xüsusi təyinatlı səbirsizliklə kiminsə yolunu gözləyir.

Elə bu an ağacların arxasından hündürboylu, enlikürəkli, qartal baxışlı bir zabit – polkovnik-leytenant çıxır və günlərdən bəridir ilk dəfə gözlərində gülüş, üzündə təbəssüm onlara şad xəbəri olduğunu söyləyir: “…Marşrut üzrə bizim qrup artıq 180 kilometr düşmənin dərinliyinə girməyi bacarıb. Bizdən qabaqda heç kim yoxdur. Yəni ki, Şuşaya ilk girən, bu müqəddəs məkana ilk bayrağı sancan bizim qrup olacaq…”

Günlər, həftələr, aylar yox, illər idi ki, bu anı səbirsizliklə gözləyirdi polkovnik-leytenant Anar Əliyev….

İşğalda qalan torpaqlarımızın azadlığının yetişdiyi müqəddəs zamanın həyəcanının və bu şərəfli missiyada özünün də əməyinin olmasının qürurverici həyəcanı içərisindəydi. Cəsur komandirin bu həyatdakı ən böyük arzusu isə öz əlləri ilə üçrəngli bayrağımızı ata yurdu Kəlbəcərə sancmaq idi… Peşəkar döyüşçü bilirdi ki, savaşın taleyini məhz Şuşanın azadlığı həll edəcək və bundan sonra digər tapdaq altındakı ərazilərimiz, o cümlədən doğma yurdu Kəlbəcər qurtulacaq…

Bəli, indi hər şey Anar Əliyevin rəhbərlik etdiyi qrupun qarşıdakı taleyüklü tapşırığı həll etməsindən asılı idi. Onlar müharibəyə qatıldıqları gündən bəri bütün əməliyyatları mükəmməl şəkildə həyata keçirdikləri kimi, indi də Xocavəndin Tuğ kəndi ərazisindəki bir yüksəkliyi, “Şuşanın açarı” adlanan yüksəkliyi düşməndən azad etməli idilər. Əməliyyat hava qaralana planlaşdırılmışdı, buna görə də döyüşçülər həyəcanla axşamın düşməsini gözləyirdilər. Kürəyini qollu-budaqlı nəhəng bir palıda söykəyərək fikrə dalan komandir isə çıxacaqları həlledici tapşırığın uğurla həyata keçirilməsi üçün əməliyyat planının ən kiçik detallarını belə dəfələrlə götür-qoy edir və yaxşı bilirdi ki, düşmən bu yüksəkliyin əhəmiyyətinin fərqindədir, onu ciddi qoruyur. Amma igid komandir qəti qərarını vermişdi: nəyin bahasına olursa olsun, həmin yüksəkliyi düşməndən təmizləyib Şuşanın azadlığına yol açacaqlar, qələbə sevinci yaşayacaqlar…

Sonra… Sonra isə gənc zabit fikrə dalıb buralardan sürətlə uzaqlaşmışdı… Ata yurdu Kəlbəcərə yol almışdı… Övladları Əli ilə Nigarın əlindən tutub qarış-qarış doğma yurdunu gəzdirmiş, göy aynabəndli evlərinə baş çəkmiş, nəğməli Tərtərin zümzüməsinə qulaq vermiş… Ömrünün ən uzaq illərinə qayıtmışdı…

Şərəfli zabit ömrü

Avqustun 28-i 1980-ci ildə Kəlbəcərdə ziyalı ailəsində dünyaya göz açıb Anar Əliyev. Kəlbəcərin ilk sakinlərindən olan “Kalvavəllər” Kərbəlayi Vəlinin nəslinin nümayəndəsi olan Anarın atası Vaqif Əliyev və anası Səkinə Bayramova müəllimdirlər. Buna görə də o kiçik olarkən valideynlərinin iş yeri ilə əlaqədar Ağdərə rayonunun Göyarx kəndinə köçüb, 1988-ci ilə qədər orada rusdilli kənd məktəbində təhsil alıb. Həmin il Qarabağda məlum hadisələr başlayanda ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçüb və Anar təhsilini burada davam etdirib.

9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunan Anar 1997-ci ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub. 2001-ci ildə ali hərbi məktəbi “qoşun kəşfiyyatı” ixtisası üzrə bitirib, elə həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi olub.

Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Ali Hərbi Akademiyasında təhsilini davam etdirib. 2014-cü ildə Ali Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilib. 2018-ci ildə Naxçıvanda baş tutan Günnüt əməliyyatının ən fəal və cəsur iştirakçılarından olan Anar Əliyev döyüşlərdə xüsusi fərqləndiyinə görə “Şücaətə görə” medalı ilə təltif olunub.

Ümumiyyətlə, hərbi sahəyə yönəldiyi zamandan etibarən Anar Əliyev qüsursuz xidmətinə görə daim seçilməyi bacarıb və şərəfli hərbi xidmət yolu keçib. Hərbi məktəbi leytenant çini ilə bitirən Anar Əliyev hərbi xidmətə başlayandan az sonra qüsursuz xidmətinə görə vaxtından əvvəl, yəni 2003-cü ildə baş leytenant, 2007-ci ildə kapitan, 2012-ci ildə mayor, 2015-ci ildə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. 5 dil (Azərbaycan, türk, ingilis, rus, erməni) bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti 2003-2019-cu illər ərzində bir çox beynəlxalq təlim və kurslarda iştirak edib. 2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib və həmin təlimdə Azərbaycan birincilik əldə edib. Sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurs keçib.

Zəngilanın işğaldan azad edilməsini Ali Baş Komandana Anar Əliyev məruzə edib

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri olub. O, müharibənin ilk 13 günü Naxçıvanda olub, 11 oktyabrdan isə İkinci Qarabağ müharibəsində iştirak etməyə başlayıb. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənib. Anar Əliyevin rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın qəhrəmanlığı sayəsində 14 oktyabr tarixində Füzuli və Xocavəndin birlikdə 6 kəndi azad edilib. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətlərində irəliləyərək polkovnik Tehran Mənsimovun qrupuna yol açıb. Anar Əliyevin rəhbərliyi altında Qubadlı istiqamətində üzərində xaç olan strateji yüksəklik də azad edilib.

20 oktyabrda Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsi barədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Polkovnik-leytenant Anar Əliyevin komandirlik etdiyi briqadanın da iştirak etdiyi əməliyyatlar nəticəsində, 21 oktyabrda Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilib. Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandanlığı tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavəndin Tuğ kəndinin azad edilməsi tapşırılıb…

Sonuncu döyüş – əbədi qəhrəmanlıq

…Həmin gün dörd yanları düşmənlə çevrəli olmalarına baxmayaraq, Anar Əliyevin rəhbərlik etdiyi dəstə məharətlə, gözə çarpmadan, həm da qarşıya çıxan düşmən qüvvələrini məhv edə-edə irəliləyib tapşırıq verilən yerin yaxınlığındakı üzüm bağına girirlər. Bu vaxt ətrafı diqqətlə nəzərdən keçirməyə başlayan peşəkar kəşfiyyatçı sövq-təbii ilə nə isə təhlükə olduğunu sezir və qarşıdakı “dot”dan gələn ani səs qulağından yayınmır. Cəsur komandir heyətdən 8-9 nəfər götürərək təhlükəli yeri yoxlamağa gedir. Səngərə ilk girən Anar Əliyev qəfil düşmən əsgəri ilə üz-üzə gəlir və onunla əlbəyaxa döyüşə çıxır. Bu zaman açılan atəş nəticəsində çiynindən ağır yaralanmasına baxmayaraq, düşmənə aman verməyib onu məhv edir…

Lakin bu, Kəlbəcər elinin şücaətli oğlu Anar Əliyevin Vətən müharibəsində sonuncu qəhrəmanlıq döyüşü olur… Döyüş yoldaşları danışırlar ki, Anar Əliyev, əvvəlcə, sağ qolundan, sonra isə gözündən yaralanır. Bu zaman leytenant Adil Əfəndiyev ona ilk tibbi yardım göstərir, lakin yaxınlıqda olan qarşı tərəfin açdığı intensiv atəş və atılan əl qumbarasından aldıqları ağır yaralar nəticəsində polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev şəhid olurlar.

Cəsur komandir Anar Əliyev şəhadətə ucalsa da qanı, canı bahasına belə olsa, özünə verdiyi sözü yerinə yetirmiş, “Şuşanın açarı” sayılan yüksəkliyi azad etmişdi və şəhadətindən sonra iki gün ərzində də igid döyüş yoldaşları çarpışaraq həmin yüksəkliyi düşmənə verməmiş, əllərində saxlayaraq şanlı Azərbaycan Ordusunun Şuşaya Zəfər yolunu açmışdılar…

Həsrətini necə ovudum, Anar?!

2020-ci il oktyabrın 21-i idi. O gün səhəri dirigözlü açmışdı Səkinə ana. Gecə yuxusunu qarışdırmış, görmüşdü ki, dağda yolu azıb itir, gah da çayda bulanıq sular arasında qalır… “Ay Allah, sən özün xeyir et”, deyə əl açıb dualar etmiş, dörd bir yandan beyninə hücum çəkən bəd fikirlərdən uzaqlaşmağa çalışmışdı, amma nədənsə ürəyi heç sakitləşməmiş, nigaranlıqla çırpınmışdı…

– Müharibə idi, Anara görə hər an narahat idim, amma heç zaman ağlıma gəlməzdi ki, bir gün Anar olmaz, onu xatirələrlə anaram, bircə dəfə üzünü görmək üçün yuxularıma gəlməsi üçün yalvararam… O çox şirin, sağlam, çevik, eyni zamanda da dəcəl uşaq idi. Amma evdə, məktəbdə həddindən artıq səliqəli olması, qoyulan qaydalara qarşı həssaslığı, belə deyək, onun dəcəlliyini ört-basdır edirdi. Anara nə iş tapşırardın, yarıdardı. O elə uşaq, yeniyetməlik yaşlarından vətənpərvərliyi ilə seçilərdi, həmişə qonşu uşaqlarını yığar, onlar arasında oxumaları, vətənpərvər olmaları ilə bağlı təbliğat aparardı… İmanlı insan idi, oruc tutar, namaz qılardı. Musiqi duyumu vardı, yaxşı gitara çalardı. O, həyat dolu bir insan idi… Müharibə dövründə axırıncı dəfə Anarla danışanda istər-istəməz səsini eşidəndə kövrəldim. “Anar, səsinə qurban, necəsən?” deyəndə cavab verdi ki, “narahat olma, ana, yaxşıyam, vəziyyət elə də təhlükəli deyil”… Demə, həyatında ilk dəfə mənə yalan danışırmış… Ömrü baharında qırıldı Anarımın, ata-anasının qəddini əydi, gənc həyat yoldaşı, balaları gözüyaşlı qaldı… Hər zaman arzu edirdim ki, Anar qardaş-bacısı ilə birgə son mənzilə yola salsın məni, amma nə acı taleyim varmış ki, indi mən el-obadan Anarın başsağlığını alıram…

Anarın müqəddəs arzusu yerinə yetib

İllər əvvəl Anar hərbçi olmaq arzusunu atasına söyləyəndə Vaqif müəllim öncə buna etiraz etmişdi. O xəyalında Anarı müəllim, mühəndis, həkim kimi canlandırardı, heç hərbçi mundirində görməyi təsəvvür edə bilməzdi. Amma Anarın elə hərbçilərə xas möhkən inad və iradəsi sayəsində arxasıyca gedib pillə-pillə qətiyyətlə irəlilədiyi bu peşəni zamanla çox sevmiş, oğlu ilə qürur duymağın fərəhindən daim köksü qabarmışdı.

– Anar orta məktəbdə oxuyan illərdə bir dəfə onunla Göyarx kəndinə getmişdik. Anar vaxtilə qaldığımız evin ermənilər tərəfindən yandırıldığını görmüşdü. Demə, o elə həmin gün qəti qərar veribmiş ki, hərbçi olacaq, düşməndən qisasını alacaq. Tezliklə o seçdiyi bu sahədə özünü təsdiq etdi, daim işində uğurla irəlilədi. 2011-ci ildə xüsusi tapşırığı yerinə yetirdiyinə görə Anara “Vətən uğrunda” medalı vermişdilər. Düşündüm ki, axı müharibə olmayan bir dövrdə bu medalı o necə alıb? Özündən soruşanda isə o sözü yayındırdı. Sonradan bildim ki, o, həmin il Kəlbəcərə gedibmiş… Vətən müharibəsi dövründə 17 oktyabrda danışdıq Anarla, üstüörtülü dedi ki, Füzuli tərəfdəyik. Üzərindən heç bir həftə keçməmiş şəhidlik xəbərini aldıq… İndi tək təsəllimiz odur ki, torpaqlarımız işğaldan qurtulub və bu qələbədə Anarın da böyük payı var. Döyüş yoldaşları Şuşada bayrağı sancan zaman Anarın da adını çəkdilər, bilirsiniz, bu necə qürurverici hiss idi… Anar illərlə bu məqsədə çatmaq üçün çalışıb-vuruşmuş, igid əsgər, zabit yetişdirmişdi ki, Vətəni azad etsinlər. İndi onun müqəddəs arzusu həyata keçib və bu bizim təskinliyimizdir…

Ötən ilin sentyabrında, Anarın ad günündə isə, hörmətli həmyerlimiz və ziyalımız Qurban Sadıqova müraciət etdim, onunla birgə Kəlbəcərə səfər edərək Anarın xatirə lövhəsini doğma yurdumuzda quraşdırdıq. Düşünürəm ki, illərdir ürəyində Kəlbəcərə bayraq sancmaq arzusunu daşıyan Anarın ruhu şaddır, çünki ata yurdu azaddır…

“Anar Əliyevin xatirə lövhəsini Kəlbəcərdə quraşdırdıq”

Kəlbəcərli olaraq özü də uzun illər məcburi köçkün həyatı yaşamış, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul işçisi Qurban Sadıqov söylədi ki, hələ illər öncədən Anar Əliyevi yaxından tanıyırdı və ondakı yüksək vətənpərvərlik hisslərinə bələd idi.

– Hələ 2014-cü ildə, Kəlbəcər rayonunun işğalının ildönümü ilə əlaqədar mənim təklifimlə keçirilən tədbirdə Anar Əliyevin iştirakı və çıxışı barədə təşəbbüs qaldırmışdım və Nazirlər Kabinetindən Müdafiə Nazirliyinə məktub ünvanlamışdıq. O zaman Anar Əliyev tədbirdə iştirak və çıxış etmiş, vətənpərvərlik hisslərini bölüşmüş, hərbçi qətiyyəti ilə tezliklə bütün Qarabağı, o cümlədən Kəlbəcəri azadlığa qovuşduracaqlarını söyləmişdi.

2021-ci ilin sentyabrında isə qəhrəman şəhidimizin atası Vaqif müəllimlə Kəlbəcərə yollandıq. Şəhərin girəcəyində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış və ermənilər tərəfindən viran qoyulmuş abidə ilə üzbəüz yerə (vaxtilə burada erməni separatçıları tərəfindən abidə kompleksi quraşdırılmışdı və igid əsgərlərimiz bu qondarma abidəni layiq olduğu kimi darmadağın ediblər) baxış keçirdik və qərara gəldik ki, məhz burada bütün Azərbaycan şəhidlərinin ruhuna gələcəkdə bir abidə ucaldılsın. Məsləhətləşdikdən sonra Anarın hərbçi yoldaşları, Xüsusi Təyinatlılar, Kəlbəcər Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə qəhrəman şəhidimiz Anar Əliyevin xatirə lövhəsini həmin yerdə quraşdırdıq. Zənnimcə, həmin gün şəhid Anar Əliyevin xatirə lövhəsini ucaltmaqla, həm də rəmzi olaraq Birinci Qarabağ və Vətən müharibəsində canlarından keçən bütün şəhidlərimizi bir daha yad etdik, əziz ruhları qarşısında baş əydik. Anım tədbirində mən, Vaqif müəllim və döyüşçü dostu Eldəniz çıxış edərək Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifəsini yazan və bizi bu torpağa qovuşduran, bu xoşbəxt hissləri yaşadan Ali Baş Komandan İlham Əliyevə, rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun hər bir döyüşçüsünə bir daha sonsuz təşəkkürlərimizi bildirdik.

Cəmi 14 ilə ailə dünyalarına böyük xoşbəxtlik sığdırmışdılar

Anar peşəkar hərbçi, cəsur döyüşçü, amma hər şeydən əvvəl mükəmməl ailə başçısı, əziz ata idi… 2006-cı ilin yağışlı bir sentyabr günündə Anarla Vüsalə çal-çağırlı toyla ömürlərini birləşdirmiş, həyat yolunda qoşa addımlamaq üçün birlikdə yola çıxmışdılar. Düz 14 il, əsrlərə bərabər xoşbəxt, dolu bir ömür yaşamışdılar. Ata fərəhi, ana sevinci duymuşdular. Hər iki gənc daim bir-birinə dəstək olmuş, çətinlikləri də birlikdə dəf etmişdilər. Hələ nişanlı vaxtlarından Anar Vüsaləyə, necə deyərlər, zabit xanımı olmağın təlimini keçmişdi. Amma bircə dəfə də olsun ona deməmişdi ki, “hərbçiyəm, hər şey ola bilər, bir gün gedib qayıtmamaq da var”… Elə Vətən müharibəsinə yola düşəndə də Anar Vüsaləyə ayrılıq haqqında bircə kəlmə də söyləməmişdir…

– Sentyabrın 27-si Əlinin ad günüdür. Bir gün əvvəl Anar evə gəlib dedi ki, gedək Əlinin ad gününü qeyd edək. Getdik, qeyd elədik, səhər saat 5-də Anar evdən çıxdı. Sonra isə televiziyada müharibənin başladığını eşitdim. O ilk günlər müharibəyə yollanmasa da, Naxçıvanda sərhədboyu xidmətdə idi. Həmin müddətdə evə cəmi üç dəfə gəldi. Sonuncu dəfə isə oktyabrın 11-i qəflətən gəldi və dedi ki, gedirəm, maşın gözləyir məni. Nigarı öpdü, mənimlə görüşdü, Əli həyətdə oynayırdı, dedi onu da görüb gedəcəm işə. Demə, vidalaşmağa gəlibmiş. O həyətə düşdü, mən də eyvandan soruşdum ki, “Əlini gördün?” Cavab vermədi, üzünü çevirib baxmadan maşına oturub getdi. İndi düşünürəm ki, Anar o anda kövrəlib, mən görməyim deyə dönüb arxaya baxmamışdı… O, oktyabrın 12-si axşam artıq Füzuli istiqamətində döyüşdə idi. Dedi ki, “sabahdan mənə zəng çatmayacaq, narahat olma, özüm imkan olan kimi zəng edəcəyəm”. Xeyir-dua verdim, dedim, “səni qələbə ilə gözləyirik”. Onun peşəkarlığına, təcrübəli zabit olmasına o qədər inanırdım ki, ölümünü heç ağlımın ucundan belə keçirmirdim. Biz telefonda halallaşdıq, amma yenə də ağlıma əbədi ayrılıq gəlmədi…

Son dəfə oktyabrın 18-i danışdıq. Oktyabrın 21-də isə şəhid oldu. O gecə Anarı yuxuda gördüm. Haradasa sahədə, suyun içində idi. Oyandım, çox narahat oldum. Anar həqiqətən də üzümlük sahəsində döyüşdə şəhid olub.

Ayrılığın sonu yoxmuş…

Oktyabrın 22-də Vüsalə eşidir ki, Anar yaralanıb və onu hospitalda görmək üçün Naxçıvandan yola düşür. Ayın 25-də səhər tezdən hospitalın həyətinə daxil olanda isə gördüyü mənzərənin şokundan dünya gözündə qaralır…

– Baxdım ki, həyətin ortasına bir tabut qoyulub, üstündə Anarın şəkli… Sonra nə olduğunu xatırlamıram… Handan-hana özümə gələndə düşündüm ki, yox, tabutun içərisindəki Anar ola bilməz… İnanmasam belə, ürəyimdə dəhşətli hiss var idi. Həmin an bir anlıq arxaya çevrildim və uşaqların necə hönkürtü ilə ağladıqlarını gördüm. Sanki onlar o tabutun içərisində ataları olduğunu bilirdilər və qəbul etmiş bir şəkildə ağlayırdılar. Mən isə çarəsizcə onlara baxırdım və o anda onlara təsəlli verəcək heç bir şey edə bilmədim…

Günlərlə inanmadım ki, Anar şəhid olub, elə bilirdim ki, o gələcək. Amma zaman keçdi, o gəlmədi… Deyirlər, zaman yaraları sağaldır, amma bu belə deyil, sadəcə zamanla artıq onun gəlməyəcəyini bilirsən və onun olmadığı bir həyata öyrəşməyə çalışırsan. Mənim üçün zaman keçməyib və elə yenə də Anarın şəhid olduğu o anda qalmışam… O mənim həyat komandirim, həyat müəllimim, həyat dostum, həyat yoldaşım idi. Mən onunla böyüdüm, amma təəssüf ki, onunla qocalmadım. İndi məni təsəlli edəcək birinci Allahın verdiyi səbir, ikincisi övladlarımdır. Bir də Anarın bu cür qəhrəman olmasının qürurudur məni yaşadan, çünki qəhrəmanlığın, şəhidliyin hansı uca zirvə olduğunu yaxşı bilirəm… Onu da bilirəm ki, Anar cismən olmasa da, ruhən hər zaman yanımızdadır. Onun mənə ilk hədiyyəsi bir ədəd qızılgül idi, bu güllərlə mənə öz ülvi hisslərini bildirmişdi. İndi onun məzarını ziyarətə ancaq qızıl güllərlə gəlirəm… Anarın məzarı başında ona övladlarını görmək istədiyi kimi böyüdəcəyimə, yarım qalmış arzularını həyata keçirəcəyimə söz vermişəm. Özümlə bağlı isə Allahdan tək bir diləyim var: vaxtı gələndə cənnətdə məni Anara qovuşdursun…

“Anar qədər tabeçiliyində olanlar tərəfindən sevilən ikinci komandir görməmişəm”

Polkovnik-leytenant Anar Əliyevin şəhid olması Azərbaycan Ordusu üçün ağır itki, döyüş yoldaşları üçün böyük mənəvi sarsıntı oldu.

“Etiraf edirəm ki, hərbi xidmətim boyu Anar qədər tabeçiliyində olanlar tərəfindən sevilən ikinci komandir görməmişəm” söyləyən Silahlı Qüvvələrin Əlahiddə Ümumqoşun Ordusunun ehtiyatda olan zabiti, polkovnik Etibar Məhərrəmov deyir: “Anar Əliyev işini elə qurar, elə qayda-qanun yaradardı ki, kimsə onda nöqsan tapmazdı. İşlərində həmişə məsuliyyətli olardı. Bu gün Anar özündən sonra özü xüsusiyyətli onlarca zabit yetişdirib. Onlar hansı vəzifələrdə olursa olsun, eyni Anarın dediyi kimi, etdiyi kimi edəcəklər. Çünki onların müəllimi Anar olub”.

25 oktyabr 2020-ci ildə II Fəxri xiyabanda torpağa tapşırılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri şəhid Anar Əliyev ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Vətən müharibəsi başlayana qədər Anar Əliyev fərdi usta dərəcəsinə layiq görülüb və 11 medalla təltif olunub. Prezidentin sərəncamına əsasən, Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə Anar Əliyevin adı verilib.

“Atam üçün burnumun ucu göynəyir”

Şəhadəti ilə Kəlbəcər elini, bütün Azərbaycan xalqını yasa boğan Anar Əliyev ömrünün ən qaynar çağında həyatla vidalaşsa da, bu qısa zaman səlnaməsinə qəhrəmanlıqlarla dolu şanlı səhifələr həkk edib. Elə buna görə də, Vətən uğrunda saysız döyüşlərdə mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalan Anar Əliyevin fəxarətli, eyni dərəcədə də qüssəli ömür yolunu nə bir yazıya sığdırmaq mümkündür, nə də yazılacaq minlərlə yazı ilə Anarsızlıq acısını yaşayan doğmalarının ürəyindən o kədəri silmək…

Elə biz də məzarın başında doğmalarınla görüşəndə ürəyidağlı o insanlara heç bir təsəlli verə bilmədik, qəhrəman şəhid… Övladın Nigar dedi ki, “atam üçün burnumun ucu göynəyir, mən atamın zəfərlə qayıdışını gözləyirdim. Onu qarşılamaq üçün o qədər fikirlərim, planlarım var idi ki… Amma hamısı ürəyimdə qaldı…” Əli isə söylədi ki, “şahmat oynamağı atam öyrədib mənə, onunla üzməyə gedərdik, birlikdə gəzərdik… İndi isə, bəzən yuxuma gəlir atam, qarşımda oturur. Amma mən ona söz deyirəm, o sadəcə baxır, heç nə demir…” Susuruq, bu körpələrə təskinlik verməyə sözlərin gücü yetmir… Amma elə sən özün fəxarətli adınla, şərəfli həyatınla bir ömür təsəllisən doğmalarına, əzizlərinə, el-obana. Hər zaman səninlə qürur duyuruq, Kəlbəcər elinin cəsur igidi, Vətənin qəhrəman oğlu Anar Əliyev, ruhun şad olsun!

Yasəmən MUSAYEVA,

“Azərbaycan”