08 Sentyabr 2024

Kavalayla bağlı bəyanata görə 9 ölkənin səfiri Türkiyə XİN-ə çağırılıb

Məhkəməyə reaksiyaların qəbuledilməz olduğu səfirlərin diqqətinə çatdırılıb

Türkiyədə həbs edilən sahibkar Osman Kavalanın həbsinə etiraz bəyanatı imzalayan 9 ölkənin səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xəbər verir ki, bu barədə XİN-dəki mənbəyə istinadən “Anadolu” Agentliyi  məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ, Almaniya, Fransa, Danimarka, Finlandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyadan diplomatik missiya rəhbərləri Türkiyə XİN-ə çağırılıb. Söhbət əsnasında Kavalayla bağlı məhkəməyə reaksiyaların qəbuledilməz olduğu səfirlərin diqqətinə çatdırılıb. Rəsmi Ankara xarici ölkələri Türkiyə ədalətinin mövqeyinə hörmət etməyə, məhkəmələrə təsir etməməyə və məhkəmənin bitməsini gözləməyə çağırıb.

Qeyd edək ki, ötən gün adları sadalanan ölkələrin səfirlikləri Türkiyə səlahiyyətlilərini Kavalanın sərbəst buraxılmasına çağırış edən bəyanat yayıblar.

Xatırladaq ki, türkiyəli sahibkar O.Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda günahlandırılırdı.  2020-ci ildə məhkəmə Kavalanı sərbəst buraxsa da, onun barəsində yeni həbs qərarı verilib.

Media1.az