Kəlbəcərin Çərəktar kəndindəki ermənilər üçün evlərin təmiri davam edir…-FOTO
Kəlbəcər, Tərtər və Ağdam rayonlarına aid olan cəmi 45 kənd və bir şəhərimiz qanunsuz və haqsız olaraq ermənilərin əlində qalıb…
Hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının 10 Noyabr razılaşmasına əsasən erməni silahlı birləşmələrindən azad olunmuş Kəlbəcər rayonuna aid olan Çərəktar kəndində sülənən ermənilər üçün 21 evin təmiri davam edir.
Media1.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.Separatçı-terrorçu xuntanın qondarma “şəhərsalma nazirliyi”ndən verilən məlumata görə, evlərin təmiri ilə yanaşı, onların infrastrukturu da modernləşdirilir. Hər bir evdə ayrıca mətbəx və canitar qovşağı, ayaqyolu olacaq.
Xatırladaq ki, Çərəktar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çərəktar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar – “icarəçi” deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.
Sovet dövründə Çərəktar kəndində bir erməni də yaşamayıb. Kənd 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Və təəssüf ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd hüquqi-inzibati baxımdan Azərbaycan Respublikasının yox, Rusiya sülhməramlılarının nəzarəti altına keçib. 2020-ci ilin noyabrın ortalarında artıq Kəlbəcər rayonunun Azərbaycana qaytarılacağı xəbəri yayıldıqdan sonra Çərəktar kəndində qanunsuz məskunlaşmış ermənilərin çoxu evləri yandıraraq buradan çıxıblar. Lakin bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də bir çox digər yaşayış məntəqələri kimi, Çərəktarın da adı Azərbaycana təhvil veriləcək yaşayış məskənlərinin siyahısına salınmayıb. Həmin məlumatı alan ermənilər yenidən öz yandırdıqları evlərə qayıtmağa məcbur olublar. Bu səbəbdən də separatçı rejim Çərəktarda yandırılmış evləri bərpa etməyə başlayıb…
Onu da vurğulayaq ki, Rusiya tərəfinin ədalətsiz olaraq sovet dövrünün inzibati bölgüsünə əsasən apardığı “sülhyaratma” missiyası sayəsində Azərbaycanın Çərəktarla birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə düşən cəmi 45 kəndi və bir şəhəri(Ağdərə) Milli Ordumuzun nəzarətinə qaytarılmayıb. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 nömrəli Qərarına əsasən ləğv edilmiş Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə qatılmış Xatınbəyli, Qazançı, Manikli, Baş Güneytəpə, Orta Güneytəpə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri, Kəlbəcər rayonuna qatılmış Çərəktar, Qozlu, Kotavan, Yuxarı Oratağ, Qızılqaya, Yayıcı, Dəvədaşı, Drmbon (Heyvalı), Çıldıran, Mehmana, Dovşanlı, Həyat, Bazarkənd, Şahmansurlu, Vəngli, Çormanlı, İmarət Qərvənd, Zardaxaç, Çapar, Həsənriz, Narınclar, Damğalı, Kolatağ kəndləri və Tərtər rayonuna verilmiş Ağdərə şəhəri, Umudlu, Zəylik, Ulu Qarabəy, Kiçik Qarabəy, Ağabəyyalı, Çardaqlı, Lüləsaz, Miqrelalay, Aşağı Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq, Seysulan(Talış, Suqovuşan və Çaylı son 44 günlük savaşda ordumuz tərəfindən azad edilib) kəndləri və onlara məxsus torpaq sahələri hələlik Rusiya hərbçilərinin himayəsinə sığınmış separatçı-terrorçu erməni xuntasının əlində qalır…