23 Dekabr 2024

İtkin düşən 24 hərbçi ilə bağlı RƏSMİ AÇIQLAMA

İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı altında 2020-ci il sentyabrın 27-dən başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi qələbəsi ilə nəticələnib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən Media1.az-a bildirilib ki, döyüş əməliyyatlarının başladığı 2020-ci il sentyabrın 27-də Gəncə, Tərtər, Qarabağ və Füzuli hərbi prokurorluqlarında erməni silahlı birləşmələri tərəfindən təcavüzkar müharibəni başlama və aparma, milli ədavət və düşmənçilik niyyəti ilə iki və daha çox şəxsin qəsdən öldürülməsi və qəsdən öldürməyə cəhd edilməsi və digər cinayət əməllərinin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci, 116.0.7-ci, 120.2.12-ci və digər maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılıb.

Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb, indiyədək ümumilikdə 2889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb. DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.

İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb. O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.