İsmayıl Dağıstanlının xatirə gecəsi keçirilib
Fevralın 20-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatı laureatı İsmayıl Dağıstanlının 115 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Teatrdan “İki sahil”ə verilən xəbərə görə, Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov İsmayıl Dağıstanlının Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra İsmayıl Dağıstanlının xatirəsinə həsr olunmuş “Mənim günahım” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Tamaşada rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artist Əlvida Cəfərov, Elşən Rüstəmov, Elnar Qarayev, aktyorlar Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Rada Nəsibova canlandırıb.
Qeyd edək ki, ikihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.