İrəvanın Zəngəzur anlaşmasını pozmasının 2,6 milyardlıq “səbəbi”
Hayastan adlı dünyanın üz qarası öz ampluasındadır. Yenə də anlaşmanı pozmağa cəhd edirlər. Bu ölkənin mövcudluğu tarixinə diqqət edin, zaman dəyişir, hakimiyyətlər bir-birini əvəz etdi, amma ermənilərin heç biri imzasına, sözünə, vədinə hörmət etmədi.
1918-ci ildə, Azərbaycan özünün böyük bir parçasını – İrəvanı ermənilərə güzəştə gedəndə qarşılığında belə bir vəd verilmişdi ki, ərazilərimizə qarşı bir daha iddia olmayacaq. Nəinki olmadı, üstündən iki il yarım keçəndən sonra bolşevik Rusiyasının dəstəyi ilə Zəngəzuru qopardılar, düz 101 il il əvvəl, elə dekabrın ilk günündə. Sonrakı onilliklərdə nələr oldu, çoxumuza bəlli.
90-cı illərin sonlarında Levon Ter-Petrosyan Ermənistan adına anlaşmaya imza atmaq istəyirdi, vurub hakimiyyətdən saldılar. Bu gün Nikol Paşinyandır ermənilərin başında, Rusiyanın vasitəçiliyi ilə bir neçə dəfə liderlər səviyyəsində görüşlər olub, üç sənəd imzalanıb son bir il iki ayda. Sonuncu, Soçi görüşündə prezident Putin nikbin danışdı, belə görünürdü ki, razılaşma çox yaxındadır, hətta Paşinyan da quzu libasında məmnuniyyətini ifadə etdi. Di gəl ki…
Budur, haylar növbəti dəfə prosesi pozublar. Üçtərəfli işçi qrupun dekabrın 1-də keçirilən Moskva iclasında razılaşma əldə olunmayıb. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən belə deyib. Soçi görüşünün məntiqi nəticəsi olaraq regional kommunikasiyaların açılmasına dair razılaşma sənəd şəklində rəsmiləşdirilməli idi, ancaq olmadı. Hələ Qriqoryan utanmazcasına Bakını (!) Moskva görüşünü pozmaqda ittiham edib.
Sitat: “Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilık, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”. Qriqoryanın sözlərinə görə, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir.
Bu, xəstə təfəkkürlü adam anlamır ki, məğlub Ermənistanın hansısa məsələdə diqtə etmək şansı və imkanı yoxdur, söz Azərbaycanındır! Soçi görüşünün moderaatoru da bir neçə dəfə dəhlizlərin açılmasının zəruriliyinə işarə etdi. Bu mənada Bakı ilə Moskvanın mövqeləri dəhliz məsələsində uzlaşır. Kapitulyasiya aktına imza atanlar dillərini dinməz yerinə qoyub, sakitcə onun qarşısına qoyulan sənədə imza atmalı, öhdəliklərə əməl etməldirlər.
Düzdür, işçi qrupunun növbəti görüşünün keçiriləcəyi bildirilir, ancaq konkret zaman və məkan göstərilmədən. Amma Azərbaycanın səbri sonsuz deyil. Bundan əvvəl Ermənistan birtərəfli qaydada üçtərəfəli müzakirələrdən imtina etmişdi, bu ilin aprelindən ta oktyabr ayınadək. İndi yenidən hansısa oyunlar oynamaq istəyirlərsə, olsun, görək kim peşman olacaq?
Əgər Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvan bölgəsi ilə birləşdirəcək dəhlizə qarşı çıxacaqsa, onda Azərbaycan ordusu bu dəhlizi aça bilər, çox asanlıqla. 44 günlük müharibədə qısa müddətdə Araz boyunca mövcud olan 132 km-lik ərazini düşməndən azad edən Azərbaycan ordusu Zəngilanın Ağbəndindən Ordubad stansiyasınadək 40 km-lik yolu, bir neçə saata qət edə bilər. Unutmasınlar, bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır! Hələ Xalq Cümhuriyyəti xəritəsini bir tərəfə qoyaq, sovet Azərbaycanının xəritəsinə əsasən, Mehridən keçən dəmir yolu Azərbaycan SSR dəmir yollarının balansına daxil olub və dövlətimizin dağıdılmış əmlaklarının siyahısına daxildir. Deməli, Azərbaycan hətta Putinin istinad etdiyi xəritə əsasında da bu ərazidən yolunu bircə əməliyyatla aça bilər.
Ermənilər anlamalıdırlar ki, oyunlar bitdi, bundan sonra onların növbəti dəfə status-kvonu saxlamaq cəhdləri baş tutmayacaq! Azərbaycan prezidenti Aşqabadda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından yararlanmaq üçün çağırış etdi, Türkiyə lideri Turan qapısı olan Zəngəzur dəhlizinin önəmindən danışdı. Digər tərəfdən Azərbaycan dəhlizin bir hissəsinin tikintisini aparır, dövlətimiz böyük miqdarda paralar xərcləyir, hazırlıqlar görür. Belə bir məqamda ermənilərin prosesi dayandırmaq cəhdləri növbəti özünüməhvə aparacaq, heç şübhəsiz.
Ermənistan XİN başçısı Ararat Mirzoyan İsveç görüşlərində yenə də cəfəngiyyat danışıb, Qarabağın “statusu”ndan, daha nələrdən. Bu axmaq tayfanın nümayəndələri heç olmasa Ter-Petrosyanın “Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”, tövsiyəsindən nəticə çıxartmırlar. Ter-Petrosyan bunların içərisində nisbətən normal düşünən birisidir, illər öncə deyirdi ki, Azərbaycanla anlaşmasaq, Ermənistan fəlakətə düçar olacaq. Nəticəsini gördülər, amma dərs çıxartmadılar.
Sual olunur, axı qarşı tərəf razılaşmış kimi görünürdü, bəs, nə baş verdi ki, yenə “val”ı dəyişdilər? İstisna deyil ki, “Soros uşaqları” yeni təlimat alıblar. Diqqət edirsinizmi, son vaxtlar bir-birinin ardınca Qərbdən mesajlar verilir: “Biz gəlməsək, Rusiya sizi xilas etməyəcək”, məzmunlu. Fransa Senatı Ermənistanı və “artsax”ı sonadək Türkiyə və Azərbaycanın “aqressiyasından” qoruyacağı barədə twit atır, amerikalı konqresmenlər ordan səs-səsə verib, “ermənilərin xilası üçün” hərəkətə keçiblər. Qarşıda da Avropa İttifaqının təşkilatçılığı ilə Brüssel görüşü. Rusiya bütün resurslarını işə salmışdı ki, mümkün nəticələrə nail olsun və Bresselin aktivinə yazılacaq bir şey qalmasın. Məhz buna görə də Soçi anlaşmasının ardınca komissiyaların bir araya gəlməsi, konkret razılaşma xəritəsi əsasında addımların atılması qərarlaşdırıldı. Ancaq Ermənistan son anda yenə də pozuculuq mövqeyi tutdu, Avropanın, Qərbin xoşuna gəlsin deyə. Əks təqdirdə, Şərq Tərəfdaşlığında Paşinyan “əl-qolunu sallayaraq” gəldiyinə görə tənbeh oluna bilər. Axı, İrəvan həm də Avropadan böyük maliyyə dəstəyi gözləyir, hətta bir neşə milyardlıq vəd var.
Zəruri xatırlatma: 2021-ci ilin 17 iyulunda İrəvanda səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel demişdi ki, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro yardım edəcək. Azərbaycana ayrılacaq yardımın həcminə gəldikdə, cəmi 150 milyon! Fərqi görürsünüz. 15 dekabr görüşünün təşkilatçısı kimdir? Məhz Şarl Mişel. Belə olan təqdirdə “Soros uşağı” niyə ancaq Putini eşitsin ki? Necə deyərlər, pulu kim verirsə, mahnını da o sifariş edir. Rəsmi İrəvan istəyir ki, Azərbaycan-Ermənistan anlaşmasında Avropa İttifaqının da qatqısı olsun. O vaxtadək təxribatların olması da istisna deyil. Dekabrın 2-də Xocavənd ətrafında atışmaların olduğu haqda xəbərləri və videokadrları məhz erməni mənbələri yaydılar. Deməli, yenə də qarışdırmaq istəyirlər, 15 noyabrdakı kimi.