İrəvan yenə özünü zəhərlədi
Beynəlxalq Kimyəvi Silahların Yasaqlanması Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons, OPCW) Ermənistanın iddiasını rədd edib.
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, OPCW “Qarabağa faktaraşdırıcı missiya və ya ekspert qrupu yollamaq niyyətində deyil”.
Ermənistanın Xarici İşlər Nazirliyi yaratdığı “faktaraşdırıcı qrup”un hesabatına əsaslanaraq bəyanat yaymışdı ki, 44 günlük İkinci Qarabağ Müharibəsində “Azərbaycan tərəfi qadağan edilmiş kimyəvi silahlardan istifadə edib”.
Bu bəyanatdan sonra Ermənistan XİN OPCW-ya müraciət edərək Qarabağa xüsusi, əlahiddə və geniş səlahiyyətli “faktaraşdırıcı missiya”nın göndərilməsini istəmişdi.
Sözügedən beynəlxalq qurum da rəsmi İrəvanın müraciətini araşdıraraq iddiaların absurd olduğu qənaətinə gəlib.
Xatırladaq ki, ötən ilin noyabrın 5-də Ermənistanın Müdafiə Nazirliyi videogörüntülər yayaraq Azərbaycan Ordusunu Laçın rayonunda erməni silahlılara qarşı “xüsusi fosforlu sursatlardan istifadə etmək”də suçlamışdı.
Həmin kadrlardakı görüntülər Laçında çəkilmişdi. Amma meşədəki yanğın “fosforlu sursatların tətbiqi” ilə bağlı deyildi. Erməni hərbçilər ordumuzun birliklərinin irəliləyişin qarşısını almaq üçün meşələrə od vurmuş, yanğın törətmişdilər.
Beynəlxalq Kimyəvi Silahların Yasaqlanması Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons, OPCW) BMT-nin birbaşa dəstəyi ilə 1997-ci ildə yaradılıb. Təşkilat fəaliyyətində 1993-cü ildə Cenevrədə imzalanan və kimyəvi silahın tətbiqini yasaqlayan konvensiyaya əsaslanır.
Ermənistanın iddialarına gəldikdə isə, rəsmi İrəvanın “müraciət”inin rədd elməsi diplomatiyada “zəhərli qərar” adlanır.
Zəhərlədildiyini iddia edən və yalanı faş olan Ermənistan bu dəfə deyəsən, özünü zəhərlədi.