23 Dekabr 2024

İranın MOSSAD-ın strateji mərkəzini vurmasının arxasında dayanan məqamlar – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin miqyasının genişləndiyi bir zamanda İranın İraqın Ərbil şəhərindəki ABŞ konsulluğunu raketlərlə atəşə tutması yeni bəşəri müharibənin yetişməsi üçün toxumlar səpir.

İranın “Fateh” raketlərini atmamışdan öncə baş verən bəzi “alovlu” hadisələri və ya baş tutan bəzi məsələləri xatırladaq:

– İran ümumiyyətlə son zamanlar Yaxın Şərq regionunda açdığı atəş səslərini çoxaldır, Birləşmiş Ərəb Əmirliklərini, İraqdakı özünə düşmən mövqe kimi dəyərləndirdiyi bazaları daha çox hədəfə alır,

– İranla İsrailin kəşfiyyat müharibəsi yeni mərhələdədir, İranın israilli biznesmenləri öldürmək üçün hərəkətə keçməsi MOSSAD-ı Tehrana qarşı daha genişmiqyaslı əməliyyatlara sövq edir,

– Ukrayna müharibəsinin gedişatında İsrailin baş naziri Naftali Bennetin gizli şəkildə Rusiyaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü bildirilir,

– Qərb Rusiyanın iştirakı olmadan İranla nüvə sazişi imzalamağa can atır.

Bu faktların hər biri özlüyündə xeyli versiyalar doğurur, ancaq biz daha məntiqlilərini seçib onlar üzərində fokuslanmaq yolunu tutacağıq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərq regionunda aktivdir, dinc dayanmır, hər an İslam respublikasının iqtidarına belə güclü təsiretmə gücünə malikdir.

SEPAH İranın dərin dövlətidir, o, qərarlarını ali dini rəhbərlə müəyyənləşdirir, SEPAH üçün İranın prezidentlik institutu elə böyük əhəmiyyət daşımır.

İnqilab mühafizəçiləri Suriyada öldürülən iki əməkdaşının qisasını aldığını bildirsə də, məsələnin hərbi-siyasi tərəfləri daha dərin köklərə gedib çıxır.

SEPAH-ın radikal hərbi-siyasi-dini baxışları İran hökumətini Qərblə sazişdən çəkindirmək məqsədi daşıya bilər, çünki SEPAH üçün həmişə düşmən lazımdır, SEPAH İranın “şiə hilalı” strateji xəttinin praktiki icraçısıdır. Son raket hücumu fonunda bu versiyanın inandırıcılıq xətti zəif görünsə də, hər halda belə bir ehtimal irəli sürmək üçün də əsaslar var.

İkinci bir məqam, Qərb mediası raketlərin İrandan atıldığını desə də, bu, bir o qədər də inandırıcı görünmür. Çünki İrandan atılan raket İranın özünü legitim hədəfə çevirir, ona görə də daha məntiqli olan budur ki, SEPAH İraqdakı özəklərindən Ərbil səmasını alova qərq edib.

Üçüncü məqam, hansı ki, bunu SEPAH özü də elan edir, radikal hərbi-siyasi təşkilat bildirir ki, MOSSAD-ın Ərbildəki strateji mərkəzini vurub.

İsrail Şimali İraq Kürd Muxtariyyətinə əhəmiyyətli dəstək verir və muxtariyyətin paytaxtı Ərbildə MOSSAD-ın özəyinin olması başadüşüləndir. Ancaq görünür ki, İsrail tərəfi bunu gizli saxlaya bilməyib və İran kəşfiyyatı həmin ərazini müəyyənləşdirib.

Bəs İsrail belə təhlükə gözləyirdisə, ora niyə hava hücumundan müdafiə sistemi yerləşdirməyib? Birincisi, həmin sistemin əraziyə gətirilməsi daha çox diqqət çəkərdi və bu, həmin bazanın üzərindən sirr pərdəsinin tez qaldırılmasına yardım edərdi. Bu, Rusiyanın “nüvə sazişi mənsiz mümkün deyil” mesajını daşımaqla yanaşı, həm də Ukrayna müharibəsinin doğurduğu ağır iqtisadi nəticələrə qarşı ABŞ-ı cəzalandırmaq üsulu ola bilər.

İran hökuməti hazırda ABŞ-la kəllə-kəlləyə gəlmək təmayülündən çəkinir, ona görə də SEPAH-la Rusiya əlbir olaraq həm İran hökumətinə, həm Vaşinqtona, həm də İsrailə mesaj verirlər.

Təbii ki, bundan sonra İsrailin cavab tədbirləri olacaq, ancaq bu tədbirlər Rusiya-Ukrayna müharibəsi fonunda dünya üçün əlavə risklər gətirəcək.