İran millisi futbol üzrə dünya çempionatına vəsiqəni rəsmiləşdirdi
Futbol üzrə İran milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final hissəsində iştirakını təmin edib.
Bu, iranlıların Asiya seçmə turnirinin VII turunun oyununda qələbə qazanmasından sonra mümkün olub.
Cənub qonşularımız İraq yığmasına 1:0 hesabı ilə qalib gəliblər. Tehranın “Azadi” stadionunda keçirilən görüşün 48-ci dəqiqəsində hücumçu Mehdi Taremi fərqlənib.
Asiya seçmə turnirinin şərtlərinə əsasən, iki qrupdan ən yaxşı iki komanda Dünya Kubokunun finalına çıxacaq. Üçüncü yeri tutan komandalar iki pley-off oyunu keçirəcək.
İran və İraq komandaları seçmə turnirin A qrupunda yer alır. İranlılar 7 oyundan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir. İraq komandası isə 7 oyundan sonra 4 xalla 5-ci yerdədir. Bu qələbə sayəsində İran yığması ikinci yerdən aşağı düşməyəcək.
Hazırda qrupda ikinci yerdə Cənubi Koreya (17 xal), üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri (6) komandaları qərarlaşıb. Komandalar ümumilikdə 10 oyun keçirəcək.
Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Artıq Argentina, Belçika, Braziliya, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə və Niderland komandaları turnirin final mərhələsinə vəsiqə qazanıblar. Qətər yığması isə dünya çempionatında turnirin ev sahibi kimi iştirak edəcək.
Xatırladaq ki, İran millisi 1978, 1998, 2006, 2014 və 2018-ci illərdə dünya çempionatlarında iştirak edib və heç vaxt qrup mərhələsini adlaya bilməyib.
Mənbə: TASS