23 Dekabr 2024

İran-Azərbaycan sərhədində bitməyən silahlı müqavimətin səbəbləri – deputatdan açıqlama

Arzu Nağıyev: “İstənilən halda İran tərəfi Azərbaycanla sərhədini möhkəmləndirməlidir”

44 günlük Vətən müharibəsindən sonra pisləşən İranAzərbaycan münasibətləri yenidən düzəlmək üzrədir. Amma iki ölkə sərhədində silahlı müqavimət göstərən qaçaqmalçılarla bağlı atəş səsləri kəsilmir. Vaxtaşırı sərhəd pozucuları, narkotik, siqaret və s. qaçaqçıları gərginlik yaradır. Dekabrın 7-də İran-Azərbaycan sərhədinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında növbəti insident olub. Azərbaycan sərhədlərini qanunsuz keçmək istəyən 2 nəfərdən biri sərhədçilərimiz tərəfindən zərərsizləşdirilib. Hadisə yerində 2 ədəd bağlamada 4270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusu aşkar olunaraq götürülüb.

İranla sərhəddə nədən bu qədər insident yaşanır?

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev deyir ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur: “İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Arada olur ki, Balkanlarda müharibə ocaqları ilə əlaqədar narkotik marşrutları tez-tez dəyişir. Böyük narkotik partiyalarının tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Qaçaqmalçıların sürəkli şəkildə Azərbaycan sərhədindən keçməsinə dair məlumatlar onu da deməyə əsas verir ki, sərhədin əks tərəfi o qədər də etibarlı qorunmur. Bunu bilərəkdənmi, yoxsa qeyri-professionallıqdan edirlər, bu məsələ mübahisəlidir. İstənilən halda İran tərəfi Azərbaycanla sərhəddini möhkəmləndirməlidir”.

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə bayramqabağı ərzaq  yardımı edir (FOTO)

Arzu Nağıyev

Deputat  deyir ki, son zamanlar Azərbaycan hüquq-mühafizə orqanları narkotiklərə qarşı mübarizədə mühüm işlər görür: “Narkomafiyalar da əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal marşrutlarına dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilir. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni – ”Şimali Balkan yolu” adlandırdığı marşrut məhz Azərbaycandan keçir. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca – Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala – Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir”.

Arzu Nağıyevə görə, dondurulmuş münaqişə zonaları da narkobaronların narkotranzit xəritələrində marşrutların keçdiyi ərazilər kimi qeyd olunur: “Qarabağ zonasında relyef də, dondurulmuş münaqişə də oradakı terrorçular, qanunsuz dəstələr də narkoticarət üçün münbit şərait yaradırdı. Düşünürəm ki, həmin ərazilərdə müəyyən laboratoriyalar da mövcud olub. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçib”.

Deputat deyib ki, 44 günlük Vətən müharibəsinə qədər  Dağlıq Qarabağ heroin trafikində önəmli yer tutub: “BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı ”Dünya Narkotiklər hesabatında” bildirilir ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər – xüsusən də Dağlıq Qarabağ və Abxaziya kimi heroin trafikində önəmli yer tutdu. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır”.

Oleq Kuznetsov: "Qarabağ beynəlxalq narkotik alveri üçün “su yoluna”  çevrilib"

Oleq Kuznetsov 

Rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsov bir müddət əvvəl “İnterfaks”a müsahibəsində “Rəsmi Bakı narkotik ticarəti ilə daha effektiv mübarizə aparmaq üçün İranın yeni hakimiyyəti ilə münasibətləri necə qura bilər” sualına belə cavab vermişdi: “Azərbaycan-İran münasibətlərinin təfərrüatları, xüsusən də bu mövzuda xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqə səviyyəsi haqda məlumatlı deyiləm. Ancaq bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz. Bunu başa düşmək üçün fiziki kimya mövzusunda əhəmiyyətsiz bir nümunə verəcəyəm. Heroinin xüsusi çəkisi kub santimetr başına təxminən 0,8 qramdır, yəni sudan bir qədər yüngüldür və suda həll olur. Beləliklə, 528 kiloqram heroin 0,6 kubmetr təşkil edəcək. Bunca narkotiki istehsal etmək üçün yaxşı təchiz olunmuş bir yer olmalıdır. Bundan başqa, çatdırılma vasitələri, müvafiq olaraq bir neçə icraçı, həmçinin təşkilatçı, köməkçilər, vasitəçilər, bir sözlə, çoxsaylı şəxslərə ehtiyac var. Ən əsası, bu işləri görmək üçün sabit bir cinayət şəbəkəsi olmalıdır. Problemin mahiyyətini daha adekvat anlamaq üçün bir nümunə  də deyəcəyəm. Orta hesabla 2 xaşxaş kolundan bir qram xam tiryək alınır. Adətən 1 kvadrat metrə yaxın yerdə 20 xaşxaş kolu yetişdirmək olur. Yəni 1 kvadrat metrdən 10 qram xam tiryək toplana bilər. Ancaq xaşxaş suyu toplanarsa və bu bitkinin komponentləri emal edilməzsə, bunun nəticəsində xammal morfin və heroinin istehsalı üçün deyil, başqa bir növ opiat dərmanı olan həşiş alınar. Tiryəkin emalı və kimyəvi emalı və onun heroinə çevrilməsi zamanı maddənin həcmi demək olar ki, 2 dəfə artır, buradan bir kvadrat metr xaşxaş plantasiyasından şərti olaraq 20 qram heroinin istehsal oluna biləcəyi qənaətinə gələ bilərik. Hesablamaları daha da davam etdirsək, İran-Azərbaycan sərhədində müsadirə edilən heroinin istehsalı üçün 250-270 hektar xaşxaş bitkisindən xammal tələb olunacaq. Narkotik tərkibli bitkilərin böyümə sahəsini səlahiyyətlilərin diqqətindən gizlətmək fiziki cəhətdən mümkün deyil. Bu, yalnız bir anda ələ keçirilən partiya üçündür və əgər bu rəqəmlər il ərzində müsadirə edilən heroinin bütün həcmi üçün yenidən hesablanırsa, ərazidən 3, hətta 4 qat daha böyük əkinlərdən danışmalıyıq. Və İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. ”Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Və bu mövzuda 2-ci fərqli fikir ola bilməz”.