20 Sentyabr 2024

İrəvan Ankara ilə barışıq naminə saxta soyqırım məsələsini qapadacaq – İDDİA

“Paşinyan erməni məsələsini qapatmağa hazırlaşır”.

Musavat.com-un məlumatına görə, belə bir iddianı “Birləşmiş Ermənistan” partiyasının rəhbəri Artur Kazinyan özünün Facebook səhifəsində irəli sürüb.

Erməni siyasətçi bu xüsusda daha sonra yazır: “Nikol Paşinyanın 20 iyun tarixində erkən parlament seçkiləri keçirməklə bağlı qərarı Ermənistanın siyasi dairələri tərəfindən birmənalı qarşılanmadı. Bəziləri dərhal bu seçkilərdə iştirak edəcəklərini elan etdilər, bəziləri isə Paşinyanın şəxsiyyətinə və hakimiyyətinə dərin inamsızlıq səbəbindən mövqelərini bildirmədilər. Bununla belə, Türkiyə Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək qərarını alqışladı”.

Lakin Kazinyana görə, daha vacib bir sual var: “Niyə məhz 20 iyun? Paşinyanın siyasi hesablaması nədən ibarətdir? İstefasından əvvəl o, hansı addımları atmalıdır?”

Partiya sədri ehtimal edir ki, erməni maraqları üçün “ən böyük təhlükə” elə burda gozlənib: “Hətta buna qəsd də demək olar. Məsələ ondadır ki, Nikol Paşinyan və onun komanda yoldaşları dəfələrlə “layiqli şəkildə” məğlub olmaq və Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq arzularını dilə gətiriblər, lakin münasibətlər hələ ki, normallaşmayıb”.

Sözünə davam edən müxalif siyasətçi ardınca iddia edib: “Paşinyan və komandasının Türkiyəyə xüsusi sevgisi artıq heç kimə sirr deyil. Amma bir çoxları hələ də niyə Türkiyənin Ermənistanla sərhədi açmadığını, nə üçün bu günədək diplomatik münasibətlər qurulmadığını başa düşmür? Yaxud nədən Türkiyə və Azərbaycan pulları Ermənistanın “qürurlu” vətəndaşlarının qəlbini istəmək üçün Ermənistana axmır? Üstəlik, elə bir vaxtda ki, münasibətlərin normallaşması üçün əsas əngəl olan “atsax” məsələsini (dırnaqlar bizimdir – red.) Paşinyan artıq həll edib – bu məsələni Azərbaycana həvalə eləməklə”.

Sonra da o, özünün qoyduğu suallara özünəməxsus şəkildə cavab verir: “Seçkilər ərəfəsində Paşinyan barışıq doktrinasına bəraət qazandıracaq bir nəticəyə hava və su kimi ehtiyac duyur – hansını ki, Ermənistanın “qürurlu” vətəndaşlarına “barışıq” adında, əslində isə Türkiyəyə sevgi ilə gözəl qablaşdırılmış formada satıla bilər. Cavab birdir: Türkiyə 24 apreldə Ermənistan hakimiyyətindən və şəxsən Paşinyandan erməni iddialarından imtina etməyi, türkləri bağışlamağı və nəhayət, erməni məsələsini bağlamasını gözləyir. Yalnız bundan sonra Türkiyə Ermənistanla sərhədi açacaq. Nikol Paşinyan isə bütün bunları seçkilər zamanı uğur və uzunmüddətli “sülh” və “firavanlıq” naminə tarixi fürsət kimi təqdim edəcək”.

Qeyd edək ki, rəsmi Ankara uydurma “erməni genosidi” məsələsini Türkiyə-Ermənistan münasibətlərinin tam həcmdə normallaşması önündə mühüm əngəl saysa da, sərhədlərin açılması üçün hələlik Azərbaycan-Ermənistan əlaqələrinin bərpasını yetərli sayır. Bu da İrəvanın iki qardaş ölkənin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımasından keçir. Sərhədlərin açılması isə bölgənin böhran və yoxsulluq içində olan yeganə ölkəsi kimi, ən çox Ermənistana lazımdır…