23 Dekabr 2024

İntihara yox deyək! -Pedaqoq Əsmər Məmmədova yazır

Günümüzdə ən ağrılı, ürəkağrıdıcı aktual, sosial problemlərdən biri   intihar hallarının artmasıdır. Bu mövzuda diqqətimi çəkən ilk öncə gənclər arasında baş verən intihar hallarıdır. Digər tərəfdən isə bu özünə qəsdlərin zəncirvari şəkildə, birinin digərini təkrar şəklində həyata keçirməsidir.Bu bənzərlik də onların eyni sarsıntıları keçirdiklərindən xəbər verir.

Dünyada hər il 1 milyon insan intihar nəticəsində həyatını itirir, hər 40 saniyədə bir 1 insan özünə qəsd nəticəsində ölür. Ölkəmizdə də gənclər, məktəblilər arasında baş verən bu kimi faciələr övladları olan bir ana, şagirdləri olan bir müəllimə, millətini sevən bir vətəndaş kimi məni də çox kədərləndirir və narahat edir. Hələ ömrünün ən gözəl yaşında, bahar təravətli yaşında  gənclərin bu yolu tutma səbəbi nə ola bilər axı ki, insan üçün ən qiymətli olan həyatlarına son qoysun! Biz bilirik ki, gənclər istər ailədə, istərsə də sosial çevrədə özlərini isbat etməyə çalışarlar. İstədikləri baş tutmadıqda ümidsizliyə qapılar, depressiyalarla üzləşərlər. Əqli problemi, xəstəliyi olmadığı halda intihar nəticələri kimi müxtəlif səbəblər göstərilə bilər:zərərli vərdişləri (alkoqol, narkotik) olduğu üçün ;ümidsizlik, özünə qapandığı üçün;məsuliyyətlərindən qaçmaq istədikləri üçün, həll edə bilmədikləri problemlərlə üzləşdikləri və kömək edəcək bir kimsələri olmadıqları üçün ;ən gərgin dönəm olan yeniyetmə yaş dönəmində özlərini tanıma, qarışıq hisslərlə yanaşı ailədə diqqət və qayğıdan kənar qaldıqları üçün;ailədən və əhatəsində intiqam almaq istədikləri üçün və.s Bir çox problemlər,xəstəliklərin əsası kimi özünü qəsdlə nəticələnən ölümlərin də səbəbi məhz ruhsal çökmədir. Buna görə də hər bir valideynin ən önəmli vəzifəsi  övladına daxili rahatlıqla yanaşı, inam formalaşdıraraq, ruhsal güc bəxş etmək olmalıdır.

Övladlarımızı sağlam fərd, sağlam, yüksək əxlaqi – mənəvi keyfiyyətlərə sahib şəxsiyyət kimi görmək istəyiriksə, onlarla göz – gözə ünsiyyət qurmağı, onları dinləməyi bacarmalıyıq. Biz övladlarımızın öz arzularını, düşüncələrini rahat şəkildə paylaşmalarına şərait yaratmalıyıq.Valideyin övladına dayaq olmalı, təkan verməli, lakin onun istəklərini nəzərə alaraq onun yoluna işıq saçmalıdır. Gənclər arasında özünə qəsd səbəbi kimi bir tərəfdə valideyin diqqətsizliyi, laqeydlik, məsuliyyətsizlik dayanırsa, digər tərəfdə həddən artıq basqı, nəzarət dayanır. Uğurlu valideyin olmaq üçün orta nöqtəni tuta bilmək önəmlidir.Uşaqlar ehtiyac duyduğu ən böyük signalı valideyindən almalıdır. Yəni uşaq görməli, bilməlidir ki ,valideyini səhv-düzündə, uğuru və ya uğursuzluğunda daim onu bağrına basacaq,yanında olacaq.

Həyatda ümidsizlikdən pis cəhət yoxdur. Ən böyük uğursuzluq elə ümidsizlikdir ki, bir çox bəlaların da başlanğıcı, həm də sonu olur. Evdə valideyinin, təhsil ocaqlarında isə hər bir müəllimin borcu inamlı, açıq fikirli, pozitiv düşüncəli gənclər yetişdirmək olmalıdır. İmtahanda yüksək nəticə göstərməmək nə uğursuzluq, nə də həyatın sonu demək deyil. Düzdür elm, təhsil vacibdir, amma bir gəncin dünyadan köçməsinə səbəb olacaq qlobal faciə deyil. Nə çox insan var, elmi var, insanlıqdan xəbəri yox!Nə çox insan var, elmi yox, amma insanlığı bəs!Bizlər bunu doğru şəkildə uşaqlarımıza ötürməliyik. Onlar da anlamalıdır ki, insan ömrü qiymətlidir və insan həyatda uğursuzluqla üzləşən kimi dərhal təslim olmaz. Eləcə də hər hansı digər səbəblərdən dolayı qəsd hallarının artmaması üçün vaxtında balalarınıza həyatdakı doğruları, yanlışları başa salaraq və sevginizi göstərərək yanlarında olduğunuzu hiss etdirin. Çox təəssüflər olsun ki, mən valideyinlər tanıyıram hansı ki, uşaqları ilə maraqlanmır, natahatçılıq keçirmir, qayğısından, valideyn istiliyindən onları məhrum edir.

Övladlarımızın sağlam düşüncəli, müsbət keyfiyyətlərlə zəngin, öz haqq və hüquqlarını bilən  uğurlu, ailəyə, millətinə, ölkəsinə layiqli insan vətəndaş olmağını istəyiriksə, onlara zaman ayırmaq lazımdır.Valideyin nə qədər gərgin işlə belə məşğul olsa, onun bu bəhanəni gətirməyə haqqı yoxdur.

Rəbbim bütün uşaqlarımızı, gənclərimizi doğru yoldan ayırmasın və daim doğruyla, yanlışı seçməyi nəsib etsin İnşallah.

Gənclərimizin hər daim sağlam beyinli, sağlam düşüncəli, güclü, ümidli olmaları diləyilə..

Pedaqoq:Əsmər Məmmədova