23 Dekabr 2024

İntellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır

Dövlət başçısı İlham Əliyevin 7 fevral 2022-ci il tarixli “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamı Azərbaycanın bu sahədə qazandığı uğurların təqdimatıdır

2019-cu ildə Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi tanınmasının aydın mənzərəsini yaradır. Azərbaycan innovasiyalar ölkəsidir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra irəli sürdüyü hədəflər sırasında Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olması, yeni texnologiyaların inkişafı, hər zaman irəli baxaraq bütün yeniliklərin tətbiqinə səy göstərmək idi.

Son 18 ildən artıq dövrün reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev bütün çıxışlarında Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi haqqında qərarın dəstəklənməsi ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsi kimi vurğulayır: “ Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.”

Ölkə Prezidentinin çağırışlarında bu məqam da xüsusi yer alır ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna uyğun olaraq regional inkişaf proqramları qəbul olundu, uğurla icra edilir. Təsdiqlənən Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

Qeyd etdiyimiz kimi, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. İqtisadiyyatın inkişafı elmin və yeni texnologiyaların inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur.

Ölkəmizdə informasiya- kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İKT İli” elan edilməsini xüsusi qeyd etməliyik. “İKT İli”ndə ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir ki, bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. “Azərspace-1” ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən ölkə Prezidenti bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilməsi, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması bir daha bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. “XX əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” bildirən dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə keçirilsin. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq.

Dövlət başçısı İlham Əliyevin 7 fevral 2022-ci il tarixli “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamında qeyd olunduğu kimi, kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq. Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Bu gün ölkəmizin həyatında yaşanan yeni mərhələ də yeni texnologiyarın inkişafını və tətbiqini bir zərurətə çevirir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına Böyük Qayıdışını təmin etməkdir. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.

Onu da qeyd edək ki, iki ildən artıqdır dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin tələblərinə uyğun olaraq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə videoformatda ev sahibliyi edir, yaxud qatılır. Bu da ölkəmizin yenilik, müasirlik sahəsində imza atdığı uğurların göstəricisidir. Belə ki, tədbirlər əhatə etdiyi mövzunun müzakirəsi, təcrübə mübadiləsi baxımından əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın malik olduğu imkanların, yeni texnologiyaların inkişafına göstərdiyi diqqətin təqdimatı baxımından əhəmiyyətlidir.

Bu fakt danılmazdır ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, dövrün, zamanın tələblərinə uyğun islahatlar həyata keçirilir, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Azərbaycan yenilikçi, innovasiyalar ölkəsi olduğunu atdığı hər addımında təsdiqləyir. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», ABAD, DOST layihələri də ölkəmizin nə qədər yeniliyə meyilli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev postmüharibə dövrünün reallıqlarından bəhs edərkən “ASAN xidmət” mərkəzlərinin sayının artırılmasından geniş bəhs edir. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Qarabağın tacı Şuşada “ASAN xidmət” mərkəzinin yaradılması da hədəflər sırasındadır.

Təhlillər əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib. Daim ilklərə imza atan Azərbaycan uğurlu layihələri ilə dünyaya nümunə göstərir. Yeni iqtisadi və sosial inkişaf modelinə söykənərək dünyada innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. İşğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpası da ölkəmizin yenilikçi olmasının təsdiqidir. Cari ildə soydaşlarımızın Böyük Qayıdışı gözlənilir. Məlumdur ki, Zəngilanın Ağalı kəndlərində “ağıllı kənd” layihəsi çərçivəsində ilk pilot layihəyə start verilmişdi. Artıq 2022-ci üçün həmin layihənin icrasının başa çatması və Ağalı kəndlərinin öz sakinlərini qarşılaması gözlənilir. Dövlət başçısı İlham Əliyev daim çağırışlarında bu fikri səsləndirir ki, işğaldan azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulacaq və bərpa ediləcək. Tarixi Qələbəmizdən ötən bir ildən artıq dövr ərzində bu ərazilərdə görülən işlərin miqyasına diqqət yetirsək yeni texnologiyarın inkişafının bu günümüz və gələcəyimiz üçün önəmini görərik. Tam əminliklə söyləmək olar ki, informasiya-kommunikasiya texnologiyaları həyatımızın və məişətimizin daim ehtiyac duyulan, ayrılmaz parçasıdır.

Yeni texnologiyaların inkişafı kadr potensialı məsələsini aktuallaşdırır ki, bu da təhsilin inkişafını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin 2022-ci il üçün ilk sosial paketində yer alan Fərman və Sərəncamlarına diqqət yetirsək bu sahənin prioritetliyi özünü qabarıq şəkildə büruzə verəcək. Dövlət başçısı İlham Əliyev fevralın 2-də keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda “İntellektual potensial Azərbaycanda çox yüksəkdir, bu da birbaşa təhsillə bağlıdır” söyləyərək onu da bildirmişdir ki, amma prinsip etibarilə biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük və texnologiyaları icad edənlərdən bir addım geridə olmalıyıq: “Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik – həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik… Yəni, biz Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıyıq, uyğunlaşmasaq, geridə qalacağıq. Biz bunu özümüzə rəva görə bilmərik. Çünki biz müharibə şəraitindəyik, biz daim inkişafda olmalıyıq və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır.”