İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi – TAM MƏTN + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir:
Müxbir: Əvvəla, görüşmək imkanı yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Mən dəfələrlə Azərbaycanda olmuşam, bir çox seçkilərin keçirildiyi vaxtlarda Azərbaycanda səfərdə olmuşam.
Prezident İlham Əliyev: Sonuncu dəfə nə vaxt olmusunuz?
-Sonuncu dəfə ilyarım bundan öncə. Çox maraqlı ölkədir və etiraf edirəm ki, Siz böyük irəliləyişə nail olmusunuz. Mən “İl Sole 24 Ore”nin Yaxın Şərq üzrə müxbiriyəm. Bu, İtaliyanın ən böyük siyasi qəzetidir.
– Bundan xəbərim var.
– Etiraz etmirsinizsə, mən müsahibə zamanı Azərbaycanın İtaliya ilə güclü münasibətlərinə toxunmaq istərdim.
– Bəli, böyük məmnuniyyətlə.
– İqtisadiyyatın şaxələndirilməsi. Bu, çox maraqlı mövzudur. Beynəlxalq media, zənnimcə, bunu layiqincə işıqlandırmayıb.
-Razıyam.
-İcazənizlə başlayaq. Mənim ilk sualım Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Dünən Siz maraqlı bir görüş keçirmisiniz. Səhv etmirəmsə, Sizin dünən Ermənistanın baş naziri və cənab Şarl Mişellə görüşünüz olub. Görüş necə keçdi və bizim bilməli olduğumuz hər hansı bir yenilik varmı?
– Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.
Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam.
– Siz bir fikir bildirdiniz və burada ağlıma belə bir sual gəldi. Avropa İttifaqı bu yaxınlarda Ermənistana 2 milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Yəni, burada çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?
– Bunun nədən belə olduğunu demək çətindir. Çünki bu suala cavab vermək üçün ixtiyarımda kifayət qədər fakt olmalıdır. Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.
– Cənab Prezident, Siz tamamilə haqlısınız. Minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də azərbaycanlıların azad olunmuş ərazilərə geri dönməsi və məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Bu səbəbdən mən təəccübləndim. Minaların təmizlənməsi kimi həssas bir məsələnin Avropa İttifaqını daha öncə hərəkətə keçməyə vadar etməməsi Sizi təəccübləndirirmi?
– Bilmirəm. Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu, çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda genişmiqyaslı bərpa işlərinə başlanılan ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni, geri dönəcək insanlar ciddi problemlər və həyati təhlükə ilə üzləşəcəklər. Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşmır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var – tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır.
– Ola bilərmi ki, Avropa İttifaqı burada bir az ehtiyatlı davranır. Çünki bəzi hesabatlara görə Azərbaycanda hələ də insan hüquqları, mətbuat azadlığı sahəsində müəyyən problemlər var? Azərbaycan bu günə qədər inkişaf edib və hər kəsə məlumdur ki, bu proses zaman tələb edir. Sizcə, bu məsələ həmin fəaliyyəti ləngidə bilərmi?
– Xeyr, mən belə düşünmürəm. Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünki birincisi, biz avropalı tərəfdaşlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirdik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların çoxlu təmsilçiləri həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narazılıq var və bütün bunlar açıq-aşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ ikili standartlar…
-Üzr istəyirəm. Daha bir sual. Mən çox açıq ola bilərəm?
– Bəli, əlbəttə.
– Siz Ermənistan silahlı qüvvələrinin birinci müharibə zamanı ələ keçirdiyi rayonları ayyarıma geri qaytardınız. Demək olar ki, 15 illik danışıqlarda Siz bu nəticəni əldə etməmişdiniz. Mənim sualım belədir: Əvvəllər Minsk qrupunun fəaliyyətinin qeyri-rəsmi olaraq status-kvoya, sadəcə, sülhün saxlanılmasına yönəldiyi görünürdü. Bu, bəlkə də Rusiya üçün əlverişli idi ki, o, işlər bu cür getdiyi müddətdə rol oynaya bilsin. Minsk qrupunun rolu ilə bağlı fikirləriniz nədən ibarətdir? Çünki Sizin özünüzdə də bu qrupun fəaliyyəti ilə bağlı skeptisizm, hətta məyusluq var idi.
– İlk növbədə, demək istərdim ki, Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?
– Sözünüzü kəsdiyimə görə, üzr istəyirəm. Madrid prinsiplərindən başlayaq. Lakin bu, uzun dövrdür.
– Bəli, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə 1992-ci ildə fəaliyyətə başladılar. Mənim qeyd etdiyim üç aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sıfra bərabər olub. Bəs, niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbuledilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu, çox sadə idi. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.
– Təşəkkür edirəm, cənab Prezident. Gəlin regiona, xüsusilə Avropa ilə Rusiya arasındakı problemə keçək. Bu, əslində, Sizin işiniz deyil, lakin Azərbaycan Avropaya kömək edə bilər. Avropa İttifaqında narahatlıqlar var ki, Rusiyanın Ukraynanı işğal etmək ehtimalı elə gərginlik yarada bilər ki, bəzi layihələr təxirə salınar və hətta Rusiya təbii qazı silah kimi istifadə edə bilər. Onu nəzərdə tuturam ki, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirməyi həddindən çox istəyir və əslində, Cənub Dəhlizi ən maraqlı gələcək kanallardan biri kimi görünür. Sizin böyük həcmdə qazınız var, Sizin yaşıl enerji ilə bağlı maraqlı proqramınız var. Sizin ixrac etmək üçün daha çox qazınız var. Siz hətta TAP-la bitən xətti iki dəfə uzadaraq Yunanıstandan Burqasadək çatdıra bilərsiniz. Avropa İttifaqı Sizdən daha çox təbii qazın təchiz edilməsi ilə bağlı kömək istəsə, Siz bu müraciəti mümkün qədər tez bir zamanda təmin etməyə hazır olacaqsınızmı?
– Sözsüz ki, bizim qaz strategiyamız çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər.
Gələcək planlarımız barədə danışırıqsa, sözsüz ki, hasilatı artırmaq, ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir. Lakin biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim. Bu, bizim üçün təchizatın şaxələndirilməsi və istehlakçılar üçün şaxələndirmə olacaq.
– Bəli. Gəlin zənn edək ki, hər şey doğru istiqamətdə gedir. Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır. Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?
– Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz.
– Gəlin, Sizin iqtisadiyyatınıza keçək. Ölkəniz enerji, əsasən, neft və təbii qaz ixracından asılıdır. Düşünürəm ki, iqtisadi şaxələndirmə prosesi bu gün Sizin üçün prioritetdir. Açığını desək, indiyədək bu proses çox yavaş gedib. Siz necə sürətləndirmək niyyətindəsiniz? Onu irəliyə aparmaq üçün hansı hədəfiniz var?
– Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin bizim ixracımıza gəldikdə, əlbəttə ki, ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazı nə qədər çox ixrac etsək, – çünki qazın həcminin artması açıq-aşkardır, – qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq.
– Gəlin İtaliyaya keçək. Çünki İtaliya Azərbaycan üçün çox maraqlıdır. İtaliya Azərbaycanın ilk xarici ticarət tərəfdaşı olub, Roma və Bakının yaxşı münasibətləri var. Təbii qazdan əlavə olaraq Azərbaycan aparıcı neft təchizatçısıdır. Azərbaycan iqtisadiyyatının şaxələnməsində italyan şirkətləri üçün imkanlar varmı? Məsələn, Siz azad edilmiş əraziləri yenidən qurmaq niyyətində olduğunuzu dediniz. Hətta yaşıl resurslarla bağlı həyata keçirilə biləcək çoxlu layihələr var.
– Əlbəttə ki, İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub. Sizin qeyd etdiyiniz kimi, İtaliya bizim əsas ticari tərəfdaşımızdır. İndi isə Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır. Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, rəmzi məna daşıyan digər bir jestdir, çünki siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük məna daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz. Biz tərəfdaşlığımızı nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı biz birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir.
– İcazə verin, sonuncu sualımı verim. Azərbaycan fərqli ölkə olduğu üçün oradakı iqtisadi məsələlər haqqında eşitmək maraqlı idi. Beləliklə, Azərbaycan dünyada, Asiyada çox önəmli strateji mövqe tutur. O, nəinki enerji habına, eyni zamanda, Qərb və Şərq arasında, Çindən Avropaya qədər sanki bir kommersiya, nəqliyyat habına çevrilə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsinin bir yolu da ola bilər, regionda sabitliyi təmin edə bilər. Eyni zamanda, bu, vəziyyətin sabitləşdirilməsi və sülhə nail olmaq üçün kömək edə bilər. Bu haqda nə düşündüklərinizi mənə deyə bilərsinizmi?
– Mən sizin fikrinizlə tamamilə razıyam. Əslində, biz bunu Azərbaycanda ən azından son onillikdə fəal şəkildə həyata keçiririk. Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz, birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz. Bu imkanı yaxşı regional əməkdaşlıq mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya yaratdı. Lakin bu, asan deyildi, çünki biz çoxlu sərmayə yatırmalı idik. Bu gün, məsələn, Azərbaycanda bizim altı beynəlxalq hava limanımız var və azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanımız var. Birinin açılışı artıq olub, ikisi də olacaq. Biz ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmişkən, Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Üstəgəl biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqe, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektoru enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir. Mən üstəlik Xəzər dənizində ən böyük ticarət limanının açılışını qeyd edərdim. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Gəmiqayırma zavodunun tikintisi. Biz artıq özümüzü bütün növ yük gəmiləri, tanker və bərələrlə təmin edirik. Beləliklə, bu, həqiqətən də böyük aktivdir. Üstəgəl sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik, etibarlılıq. Çünki biz heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz var. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər.
-Çox sağ olun, cənab Prezident.
-Təşəkkür edirəm.