İlham Əliyev: “Yanvar ayında Azərbaycan iqtisadiyyatı təxminən 6 faiz artıb”
“Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır”.
Prezident İlham Əliyev bu fikirləri “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
Ölkə iqtisadiyyatının, sənaye potensialının artdığını bildirən dövlətimizin başçısı deyib:
“Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək”.