22 Dekabr 2024

İlham Əliyev və Mehriban Əliyeva Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Media1.az xəbər verir ki, əvvəlcə dövlət başçısına və birinci xanıma Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən bu kompleksin bərpası işlərinə başlanılıb.

Qeyd edilib ki, Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti tərəfindən hazırlanıb.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Vurğulanıb ki, bu kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi rəhbərlik edəcək. O, İtaliya ilə yanaşı, Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və sair ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərib, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə, treninq və proqramlarda mütəxəssis kimi iştirak edib.

Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.