22 Noyabr 2024

İlham Əliyev Serbiya Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Bu barədə AZƏRTAC məlumat yayıb. 

Məktubda deyilir: 

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulmuşdur. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.

Əminəm ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.