23 Dekabr 2024

İlham Əliyev həmsədrlərin fəaliyyətinə nöqtə qoydu – TƏHLİL

Birinci Qarabağ müharibəsinin ağrı-acılarını sülh yolu ilə sonlandırmaq üçün beynəlxalq missiya ilə yüklənmiş ATƏT-in Minsk qrupunun həmsədr institutu qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilmədi. Daha dəqiq, gəlmək istəmədi.

Hərçənd ki, Azərbaycan, torpaqlarının 20 faizinin itirilməsi, ölkədə dərin humanitar böhranın yaşanması fonunda Avropada sülh və təhlükəsizliyi təmin edən təşkilata – ATƏT-ə və onun həmsədrlik təsisatına böyük ümidlərlə üz tuturdu.

Azərbaycana qarşı ikibaşlı yanaşma nümayiş etdirən həmsədrlər isə sürüşkən mövqeləri ilə Ermənistanı daha radikal davranmağa təhrik etdilər.

Amma Azərbaycan dövləti – istər mərhum dövlət başçısı Heydər Əliyevin, istərsə də onun davamçısı Prezident İlham Əliyevin timsalında böyük qətiyyət və siyasi iradə ortaya qoydu.

Bunu görən həmsədrlər zamanla özlərinin faktiki mahiyyətini pərdələmək üçün dondan-dona girdilər və sülh gündəliyini ədalətsiz zəminlər üzərində formalaşdırmağa çalışdılar.

30 ilə yaxın müddətdə həmsədrlərin regiona səfərləri daha çox Ermənistanın dəyirmanına su tökməyə hesablandı, danışıqlar yalnız texniki mahiyyətdə oldu. Bu, Bakının sülhə olan ümidlərini heçə endirdi və Azərbaycan dövləti prosesin fərqinə vararaq hərbi potensialını sürətlə inkişaf etdirdi.

Bunun paralelində həmsədrlərə olan-qalan ümidlərin son işartıları da söndü və Bakı ermənilərin arasıkəsilməyən təxribatlarına cavab olan hərbi variantı gündəliyə daşıdı.

Həmsədrlərin regionda var-gəl etmələri Ermənistanı ruhlandırırdı və ermənilər mifik düşüncələrindən irəli gələrək həyasız bir lovğalıq göstərirdilər.

Nəhayət Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra özünə vaxt qazanmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevdən Düşənbədə möhlət istədi, bir balaca toparlanan kimi isə ənənəvi erməni ritorikasını bəyan etdi.

Onun 2019-cu ilin avqustunda Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deməsi danışıqlara zərbə oldu və həmsədrlər qəribə bir mövqe nümayiş etdirərək Azərbaycana münasibətdə qeyri-müəyyən fəaliyyətini etiraf etmiş oldular.

Bu, Azərbaycan üçün strateji səbrinin tükənməsi demək idi və 2020-ci ilin sentyabrın 27-də başlayan müharibə ilə işğalda olan torpaqların sürətli əməliyyatlarla azad edilməsinə start verildi. 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 ildə qurduğu hərbi infrastruktur darmadağın edildi və bu zərbələri həmsədrlər də üzərlərində hiss edərək sancılarını gücləndirdilər.

Postmüharibə periodunun ilk zamanlarında Azərbaycanın yaratdığı reallıqla barışmaq istəməyən həmsədrləri elə Bakı özü yola gətirdi və yeni reallığı onların beyin hüceyrələrinə yeridə bildi.

Elə buna görədir ki, artıq həmsədrlik institutuna heç kim istinad etmir – nə ABŞ, nə Rusiya, nə də Fransa. Hərçənd ki, Ermənistan ölü bir təsisatdan hələ də yardım umur.

Yeni reallıqda “Dağlıq Qarabağ”, “status” kimi məsələlərə heç nəzəri də yer qalmayıb, bu gün Şərqi Zəngəzur var, bununla yanaşı, Qərbi Zəngəzur anlayışı da ortaya çıxıb.

Minsk qrupunun həmsədrləri postmünaqişə gerçəklikləri çərçivəsində işləmək istəyirlərsə, bu zaman mandatlarını istismar etməməlidirlər. Amma bunun əlamətləri belə, müşahidə edilmir, ona görə də “həmsədrlər tarixin arxivində qaldılar” deyə bilərik.

Prezident İlham Əliyev Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında ATƏT-in Minsk qrupunun fəaliyyətinə bu cür yekun vurmuşdu: “Hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”.