İki ölkə arasında əlaqələr daha da möhkəmlənir
Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Sonda Prezident İlham Əliyev əldə olunmuş nailiyyətlərə görə Baş naziri təbrik etdi və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirdi.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı