23 Dekabr 2024

İki dəhşətli müharibədən sağ çıxsa da əzrayılavtomobildən qurtula bilmədi

Ötən gün Bərdə rayonunun Mustafaağalı kəndində bədbəxt hadisə baş verib. Minik avtomobilinin vurması nəticəsində kənd sakini Qubad Bayramov həyatını itirib.

Media1.az xəbər verir ki, Qubad Şəmşir oğlu Bayramov Aprel döyüşlərinin, 44 günlük müharibənin od-alovundan qəhrəman topçu kimi çıxmışdı. Ordu sıralarında xidmətini yenə də davam etdirirdi.

Onu da qeyd edək ki, Qubadın anası Şəlalə Əli qızı Ağdərə rayonunun Çərəkdar kəndindəndir. Çərəkdar kəndi işğal ediləndə onlar ailəlikcə Mustafaağalıya pənah gətiriblər. Talenin qisməti sayəsində Şəlalə Bayramova yerli kənd sakini Şəmşir Bayramov ilə ailə qurub . Üç övlad dünyaya gətirən ana yaşca birinci oğlu Qubadı böyüdüb orduya verib. 44 günlük qələbə müharibəsində düşmənə layiqincə atəş endirən topçularımızdan biri də Qubad olub.

Bir çərəkdarlı kimi övladı ilə fəxr etmək həmin bu ananın tam haqqı idi. Yurd-yuvasından didərgin düşüb, ayrılan ana üç oğlundan birini vətənə qurban vermişdi. O, günlərdə hər an şəhid qarşılamağa hazır idi. Ancaq, Qubad şəhid yox, qalib ordunun qazisi kimi üstünə qayıtdı. Yaradan bu lütfilə sevindirmişdi, bu ailəni. Heyif, bu peşmançılıq olmayaydı kaş!Təəssüf!!

Allah rəhmət eləsin, qəhrəman əsgərimizə.