İdxaldan asılılıq cibimizi soyur- çıxış yolları
Azad olunan ərazilər ərzaq təhlükəsizliyinə hansı töhfəni verə bilər?
Qlobal ərzaq bazarında müşahidə olunan bahalaşma idxaldan asılı ölkələrə ciddi təsir edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən 2021-ci ildə dünyada ərzaq qiymətləri orta hesabla dörddə birdən çox (+28,1 faiz) artıb. Bu, son illərin ən böyük artımı olub – təkcə taxıl və neft deyil, bütün əsas kənd təsərrüfatı məhsullarının maya dəyəri artıb.
FAO ekspertlərinin fikrincə, “yüksək xərclər, davam edən pandemiya və qeyri-müəyyən iqlim şəraiti” səbəbindən 2022-ci ildə qiymətlərin sabitləşməsini gözləmək olmaz. Taxıl qiymətləri 2012-ci ildən bəri rekord həddə çatıb (+27,2 faiz). O cümlədən buğdanın maya dəyəri 44,1 faiz və qarğıdalı 31,3 faiz artıb. Ötən il dəyərini itirən yeganə məhsul düyü olub (4 faiz).
Bitki yağı və şəkər digər ərzaq növləri ilə müqayisədə daha çox bahalaşıb. Kərə yağının qiyməti il ərzində rekord həddə – 65,8 faiz, şəkərin dəyəri isə 37,5 faiz artıb (2016-cı ildən maksimum). Süd məhsulları 16,9 faiz, ət məhsulları 12,7 faiz bahalaşıb. Ən çox artım quzu, ondan sonra mal əti və toyuq ətində qeydə alınıb.
FAO ekspertləri izah edirlər ki, dünyada ərzaq inflyasiyası tələbin dəyişməsi, istehsalçılar üçün ümumi xərclərin, o cümlədən nəqliyyat və enerji xərclərinin artması ilə bağlıdır. Əlavə amil yerli buğda məhsulunun çatışmazlığı, eləcə də ehtiyatlar üçün mərkəzləşdirilmiş satınalmalar olub.
Dünya əmtəə bazarlarında ərzaq məhsulları bahalaşan kimi Azərbaycan bazarlarında qiymətlər qalxır. Yerli istehsalda xaricdən idxal olunan xammalın payı yüksək olduğuna görə yerli məhsullar da bahalaşır.
Azərbaycanda bir sıra əsas məhsullar üzrə təminatda idxalın payı yüksək olaraq qalır. Məsələn, buğdanın 43 faizi, düyünün 86 faizi, bitki yağlarının 65 faizi, çayın 55 faizi, şəkərin 30 faizi ölkəyə idxal olunur. Hətta daxldə istehsal olunan şəkər istehsalı üçün xammalın 85 faizi xaricdən gətirilir. Bunlar hələ ərzaq məhsullarıdır. Qeyri-ərzaq məhsulları üzrə idxaldan asılılıq daha yüksəkdir. Ümumilikdə, görünən odur ki, əsas ərzaq məhsullarının heç biri üzrə özümüzü təminetmə səviyyəsi 100 faiz deyil. Ola bilər ki, mövsumi amillərlə əlaqədar hansısa məhsulların idxalına zərurət olmur, amma mövsum başa çatandan sonra yenidən idxal özünü göstərir.
Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsdində bu barədə danışıb, idxaldan asılılıqla bağlı təkliflər səsləndirib. Onun sözlərinə görə, çörəyin qiymətinin qalxması qaçılmaz idi: “Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın”.
Dövlət başçısı əsas ərzaq məhsulları ilə özünütəminat məsələsinnə önəm verdiyini bildirib: “Bu, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı mən uzun illər fəaliyyət göstərirəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.
Eyni zamanda uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək bizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni çox böyük rəqəmdir. Üzüm istehsalı da həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə – sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik”.
Prezident azad olunan torpaqlarla bağlı gözləntiləri də diqqətə çatdırıb: “Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada – dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq – başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür”.
Firdovsi Fikrətzadə
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin mətbuata verdiyi məlumata görə, azad olunan torpaqların bərpası hesabına Azərbaycan özünü ət və süd məhsulları ilə tam təmin edə biləcək. O bildirib ki, bu gün ölkənin özünü süd məhsulları ilə təmin etmə səviyyəsi 83-85 faizdir, ətlə təmin etməsi isə ümumi olaraq 84 faiz təşkil edir: “Amma burada belə bir məqam var – qoyun əti ilə təminat 100 faizdir, mal əti ilə 90 faizdən yuxarıdır, quş əti ilə təminat isə 80 faiz civarındadır. Bizim qiymətləndirmələr onu göstərir ki, azad olunan torpaqlarımızın, o cümlədən taxılçılığın bərpası hesabına orada heyvandarlığın da inkişafı təmin olunacaq. Yəni həmin ərazilərdə taxılçılıq sayəsində heyvandarlığın yem bazası təmin ediləcək. Ondan sonra, bizim hesablamalara görə, ət və südlə təminatımız təqribən 98-99 faiz, yəni demək olar ki, tam özünü təmin etməyə imkan verəcək”.