İdmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara AĞDAM MÜRACİƏTİ
Üç gün öncə böyük bir heyətlə Ağdamda idik.
Yerlə yeksan edilmiş kəndlər, izi silinmiş qəbiristanlıqlar, zorlanmış bir şəhər vardı qarşımızda. O boyda Ağdamın ancaq adı vardı, özündən əsər-əlamət qalmamışdı.
İşğaldan azad edilmiş Ağdamda hər tərəf “erməni” idi. Hər cığırdan, hər daşdan erməni vəhşiliyi boylanırdı. Biz bir tərəfə, əslən Ağdamdan olanlar da sanki harada olduqlarını kəsdirə bilmirdilər. Hətta hiss edirdin ki, onlar bu dözülməz gerçəkliyin içindən qaçıb xəyalən keçmişə getmək istəyirlər, amma gerçəkliklər buna imkan vermirdi.
Səfər yoldaşlarımın bəzilərinin gözündən “Keşkə gəlməsəydim, Ağdamın bu gününü görməsəydim” fikirlərini də oxumaq elə çətin deyildi.
Bəli, indi Ağdama getməmək bir dərddirsə, gedib o halını görmək bundan min qat ağırdır.
Getdiyimiz gün geri döndük. İçi mən qarışıq hər kəs təəssüratını bölüşməyə başladı. Birimiz belə, birimiz elə…
Yadıma məktəb illəri düşdü. O zaman bizim üçün Araz çayı, Təbriz ən dərdli mövzu idi. Ancaq bu mövzunu şeirdən, bayatıdan, sazdan o tərəfə adlaya bilmirdik.
Bir dəfə rəhmətlik tarix müəllimimizdən soruşmuşdum ki, bəs, biz niyə Arazı keçmirik, Təbrizə getmirik?..
Cavabı çox qısa olmuşdu: sovet ideologiyası ancaq saza, şeirə icazə verir.
Amma dərdə ağlamaqla dərd bitməz, dərdə əlac tapmaq lazımdır.
İndi Ermənistanı, erməniləri, Ermənistanın müdafiəçilərini dünyaya tanıtmağın ən yaxşı zamanıdır. Çünki “onlar” azad edilmiş bölgələrimizdə daha açıq, daha çılpaq görünürlər.
İşğaldan azad edilmiş hər bir bölgənin hər cığırında, hər daşında “erməni” var: Yerlə yeksan edilmiş kənd, izi silinmiş qəbiristanlıq, zorlanmış şəhər, bunlar hamısı erməni əsəridir.
Biz bu erməniləri usanmadan, yorulmadan dünyaya göstərməliyik.
Prezidentin köməkçisi Hikmət Hacıyev demək olar ki, hər həftə xaricdən gələn fərqli heyətlərə Qarabağdakı “erməniləri” göstərir.
Bəs biz? Əlimizi bağlayan, yolumuzu kəsənmi var… Niyə kömək etmirik?
Niyə Qurban Qurbanov, Rəşad Sadıqov Messini, Ronaldonu Qarabağın Ağdamdakı indiki məhv edilmiş stadionuna dəvət etmir? Gəlməyəcəklər, gəlməsinlər, bu dəvətin özü dünyada səs-küy qoparacaq xəbər olacaq… Amma mütləq gələn də olacaq…
Niyə “Qarabağ”ın məktəb yaşlı oyunçuları məktub yazaraq dünyanın tanınmış futbolçularını, klublarını Ağdamdakı darmadağın olunmuş stadionuna dəvət etməsin?
Bir Messinin, bir Ronaldonun, bir Məsutun bir tvit-i min BBC-nin gerçəyi dünyaya çatdırmaq acısından daha effektli olacaq.
Müğənnilər də, həkimlər də, jurnalistlər də, alimlər də, diaspor nümayəndələri də – hamı, uşaq da, yaşlı da, bütün azərbaycanlılar Ağdamdakı, işğaldan azad edilmiş bölgələrdəki “erməniləri” dünyaya göstərmək üçün ölüm-dirim mübarizəsinə qoşulmalıdır.
Bu yazını idmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara AĞDAM MÜRACİƏTİ kimi də qəbul edə bilərsiniz.
“Dünya həqiqəti görür, sadəcə ikili yanaşması var” deyib keçməyək.
Ağdamdakı “erməniləri” tam yox edəndən sonra saz da çalarıq, şeir də yazarıq, bayatı da deyərik. İndi isə bunun vaxtı deyil.
Elşad EYVAZLI