23 Dekabr 2024

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyev.

Uzaqgörənliyi, dərin biliyi, yüksək intellektuallığı, xalqına, vətəninə bağlılığı ilə seçilən ulu öndər Heydər Əliyev ölkəmizin ən ağır günlərində ona sahib çıxdı. Dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti sayəsində Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev dövlətçiliyimizi inkişaf etdirərək özü qədər inandığı və etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri İlham Əliyevə əmanət etdi.
Ulu öndər məktəbinin ən istedadlı yetirməsi olan və 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi.
Hər bir azərbaycanlının Prezidenti olacağına söz verən və vədinə əməl edən cənab İlham Əliyevin hakimiyyətdə olduğu 18 ilə nəzər salanda ölkəmizin dinamik inkişafının, sürətlə modernləşməsinin, dünyada nüfuz və söz sahibinə çevrilməsinin şahidi oluruq.
Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, 2018-ci ildə şəffaf, azad, demokratik şəraitdə keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalq cənab İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara, öz xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycana səs vermiş oldu. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq bu gün də iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı və istiqamətvericisi kimi çixiş edir.
Uğurlu iqtisadi inkişafın nəticəsidir ki, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin önəmli strateji prioritetləri olmuş, Azərbaycan dünya ölkələri sırasında öncül yer tutmuşdur.
2003-2018-ci illər tariximizə iqtisadi yüksəliş kimi daxil olmuş, ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyyatlarımız 26,6 , xarici ticarət dövriyyəsi 4,6 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əmək haqqı 12,9 dəfə, maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır. Sosial sahənin inkişafına diqqətin artırılmasının nəticəsidir ki, 3100 dən çox məktəb, 640-dan çox xəstəxana tikilib bərpa edilmiş, bölgələrdə 43 Olimpiya İdman Mərkəzləri yaradılmışdır.
1958400 yeni iş yerlərinin açılmasının, 326,6 min nəfərə ünvanlı sosial yardımın verilməsinin nəticəsində əhalinin sosial rifah halı yüksəlmiş, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmişdir.
Sahibkarlığın inkişafına dövlət qayğısının və cənab Prezidentin şəxsi nəzarətinin nəticəsində 2003-2018–ci illərdə sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit verilmişdir.
Həyatımızın bütün sahələrində olduğu kimi 2003–2018-ci illərdə böyük idman uğurlarına da imza ata bilmişik. 15 il ərzində dünya və Avropa çempionatlarında, 7 Olimpiya Oyunlarında idmançılarımız uğurlar əldə edərək idman arenalarında dəfələrlə Azərbaycanın dövlət himnini səsləndirmiş, bayrağımızı yüksək zirvədə dalğalandırmışlar.
Son illər ərzində əldə edilmiş iqtisadi inkişaf, islahatların uğurla həyata keçməsi nəticəsində ölkəmiz regionun ən qüdrətli dövlətinə çevrilmiş, ən müasir standartlara uyğun ordu quruculuğuna nail olunmuşdur. Cənab Prezidentin uğurlu xarici siyasətinin nəticəsində işğalçı Ermənistanın məkirli siyasətindən, Azərbaycan həqiqətlərindən dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları xəbər tuta bilmişlər.
Bu uğurlu siyasətin, qüdrətli ordu quruculuğunun sayəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ən yeni tariximizə qızıl hərflərlə Qələbə sözünü yazdılar.
44 gündə həlli mümkün olmayanı həll edən Azərbaycanın müzəffər əsgər və zabitləri torpaqlarımızı düşmən əsarətindən xilas edərək, xalqımızın 30 illik həsrətinə son qoydular. Torpaqlarımızın, sərhədlərimizin tamlığını bərpa edən qəhrəman oğullarımız qanları bahasına işğaldan azad etdikləri şəhər və kəndlərimizdə Azərbaycan bayrağını yüksəldərək, şəhidlərimizin qisasını aldılar və hərb tarixinə yeni bir salnamə yazmağı bacardılar.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri.