Helikopter qəzasından sağ çıxanlar Əli Əliyevi niyə məhkəməyə verib?

Noyabrın 30-da qəzaya düşən helikopterdən sağ xilas olan ekipaj üzvləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar.
media1.az xəbər verir ki, bu barədə Ə.Əliyev özü məlumat verib.
Emil Cəfərov iddia ərizəsində qeyd edib ki, Ə,Əliyev “Osmanqızı Tv”də dekabrın 9-da çıxışı zamanı onlar barəsində yalan məlumat yayıb. Buna görə də Ə.Əliyevin Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. Hazırda işə Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatında baxılır.
Əli Əliyev qeyd edib ki, onunla bağlı oxşar daha bir iddia var. Bu işə isə Yasamal rayon məhkəməsində hakim Rauf Daşdəmirov baxır: “Bu barədə rəsmi məlumatlandırılmasam da, ehtimal edirəm ki, bu da qəzadan sağ qalan digər əməkdaş Ramin Ədilovdur”.
Qeyd edək ki, Əli Əliyev müsahibəsində helikopterdə olan digər şəxslərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib. Tərəflər də buna görə partiya sədrini məhkəməyə veriblər.