23 Dekabr 2024

Hadrutda yeni yaradılan Komando briqadasına BU TAPŞIRIQ VERİLİB

“Azərbaycanda yaradılan Komando hərbi hissələrin sayı yalnız Hadrutda açılan yeni hərbi hissə ilə məhdudlaşmır. Bu günə qədər 3 yeni hərbi hissənin açılışını artıq müşahidə etmişik. Onların ümumi sayı isə yaxın zamanlarda 10-a qədər arta bilər”. 

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Kəlbəcər, Laçında da Komando hərbi hissələrimizi qurmalıyıq:

“Bu hərbi hissələri Azərbaycan həm düşmənin ehtimal olunan hücum təxribat istiqamətlərinə yaxın, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin perimetrini əhatə edəcək şəkildə yerləşdirilməlidir. Bu, Komando hərbi hissələrinin mümkün təhdidlərə qarşı reaksiya müddətini də minimuma endirməyə imkan verəcək.

Şəxsi düşüncəmə görə biz Kəlbəcər, Laçın, Hadrut, Goranboy kimi ərazilərdə yeni Komando hərbi hissələrimizi yerləşdirilməsinə nail olmalıyıq. Lazım olarsa, hər birliyin tərkibində Komando hissələrinin sayını bir deyil, 2 və ya 3 hərbi hissəni Komando birliyi kimi formalaşdırmalıyıq və buna zamanla nail olacağıq. 

Komando hərbi hissəsinin yaradılmasında ilkin mərhələ üçün Hadrutun seçilməsində məqsəd:

I. Azərbaycan əsgəri müstəqillik dövründə Vətən müharibəsinə qədər heç bir zaman Hadruta ayaq basmamışdı.

II. Hadrut ermənilərin heç bir zaman qaytarılmasının və yaxud da Azərbaycanın nəzarətinə keçirilməsinin müzakirə edilməsi fikrini belə özlərini yaxın buraxmırdılar. 

III. Hadrut həm Şuşaya yaxındır, həm Xocavəndin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə yaxındır və digər rayonlara da çıxış əldə etmək üçün uyğun yol, nəqliyyat infrastrukturuna malikdir. Buradan digər istiqamətlərdə baş verən hadisələrə çox qısa zamanda reaksiya vermək mümkündür. 

Məsələnin təbii ki, siyasi tərəfləri də var. Komando hərbi hissəsinin Hadrutda yerləşdirilməsi erməni revanşistlərini bir daha Azərbaycana qarşı pis fikirlərə, təxribatyönlü addımlardan çəkindirmək məqsədilə atılan bir addım olduğunu ehtimal edirəm”.