22 Dekabr 2024

“Greenpeace”: Amazonda meşələrin qırılması nəzarətsiz olaraq qalır

Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) ötən ilin avqust ayından cari ilin iyul ayınadək meşələrin qırılması barədə məlumatları dərc edərək, 8712 kvadratkilometr bitki örtüyünün məhv oldunduğunu qeydə alıb.

AZƏRTAC INPE-yə istinadla xəbər verir ki, bu göstərici meşələrin qırılması üçün ikinci ən böyük illik həcmdir.

İnstitutun məlumatına görə bütün meşə qırılmasının böyük hissəsi (61 faizi) fərdi ərazilərdə, yaxud statusu müəyyən edilməyən torpaqlarda baş verib. Söhbət torpaqların kənd təsərrüfatı yerlərinə çevrilməsi və ya sonradan bu statusda leqallaşdırılması məqsədilə qanuni əsas olmadan ələ keçirilməsindən gedir. Bütün bunlar ətraf mühitin mühafizəsi haqqında qanunların ləğvi prosesindən, həmçinin Braziliya Deputatlar Palatası tərəfindən təsdiq edilmiş, dövlət torpaqlarının ələ keçirilməsini qanuniləşdirən layihədən sonra mümkün olub. Bu isə Amazon meşələrinin qırılması və o ərazidə yerli xalqların hüquqlarının pozulması ilə nəticələnib.

“Greenpeace” beynəlxalq təşkilatının Braziliyadakı nümayəndəsi Kristian Mazzettinin sözlərinə görə, Braziliya Senatı torpaqların ələ keçirilməsi barədə qanunu təsdiqlədiyi təqdirdə, Amazon meşələrinin məhv edilməsi sürətlənəcək, iqlim dəyişməsi və biomüxtəlifliklə əlaqədar ən pis ssenarilərin qarşısının alınması üçün əsas əhəmiyyət kəsb edən tropik meşələrin müəyyən hissəsi məhv ediləcək.

Qeyd edək ki, “Greenpeace Brazil” hər il Amazonda “Deter” sistemi (real vaxtda meşələrin qırılmasının aşkar edilməsi) və “Prodes” (Meşələrin Qırılmasının Peyk Layihəsi) siqnallarının əsasında meşələrin qırılması və meşə yanğınlarının monitorinqini aparır. Son monitorinq zamanı, meşələrin qırılmasından zərərçəkən bir neçə rayonda, o cümlədən 2716 hektar (3888 futbol meydançasına bərabər) meşələrin qırıldığı bir ərazidə yanğınlar qeydə alınıb.