Gözün aydın, Laçın!
Bu gün Laçın rayonunun işğaldan azad edilməsindən iki il keçir. Bugünlər hər birmiz özümüzdən asılı olmayaraq, Prezident İlham Əliyevin iki il əvvəl xalqa müraciətini xatırlayırıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Bir neçə il əvvəl təəssüf hissi ilə işğal altında olan rayonlarımızın ildönümünü xatırladardıq və ümid edirdik ki, vaxt olacaq biz Qələbə Gününün sevinci ilə yaşayacağıq. Prezident İlham Əliyev bütün çıxışlarında qəti olaraq bildrirdi ki, bu işğal əbədi ola bilməz. Azərbaycan nəyin bahasına olursa-olsun işğal altında olan torpaqlarını azad edəcək.
Xalqımız artıq iki ildir ki, tarixi Qələbənin sevinci ilə yaşayır. 10 noyabr 2020- ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları bəyanatla tarixi Qələbəmiz rəsmiləşdi. Bu bəyanat Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub ölkə kimi tantdı. Bəyanatın 6- cı bəndini qürur hissi ilə bir daha xatırladıram:“Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır…”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.
Laçın rayonu işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdı. Rayonun hər bir kəndində erməni vəhşiliyinin izi qalıb. Ermənistan həmişə olduğu kimi, beynəlxalq hüquq normalarına qarşı saymamazlıq edərək Laçın şəhərində qanunsuz məskunlaşma aparmış, əsasən də xaricdən – Suriya və Livandan erməni əsilli insanları Azərbaycan ərazisində qanunsuz yerləşdirmişdir. Dövlət başçımızın bildirdiyi kimi, bu, hərbi cinayətdir. Başqa bir dövlətin ərazisində qanunsuz məskunlaşma aparmaq bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Xatırladaq ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. Laçın Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 79,1 min nəfər olmaqla, respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub.
İşğal nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirib, rayonun təbii resurslarını talan edib, qeyri-qanuni məskunlaşma siyasəti aparıb və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.
2020- ci il sentyabrın 27- də Ermənistanın başladığı müharibə onlara çox baha başa gəldi. Cəmi 44 gün davam edən Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və yenilməz Ordumuzun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.
Hazırda Qarabağda, o cümlədən Laçında genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işlərinə start verilib. Mürəkkəb relyefə malik Laçın rayonunda hava limanının tikintisi dünyanı heyrətləndirib. Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulur. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçın rayonuna ötən 2 ildə dörd dəfə səfəri tikinti-bərpa işlərini daha da sürətləndirirb. Dövlət başçımızın Laçına hər səfəri bir tarix, dirçəliş və yenidən qurulmasında mühüm töhfədir. Yaxın illərdə Laçın rayonu əvvəlki illərlə müqayisədə daha cəlbedici olacaq.
Gözün aydın, Laçın! Azadlığının ikinci ili mübarək olsun!
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru