23 Dekabr 2024

GƏNCLƏR SİYASƏTİ GƏLƏCƏYİMİZİN TƏMƏLİDİR

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Gəncləri Azərbaycanın gələcəyi adlandıran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı onun imzaladığı fərman və sərəncamlar, həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edib. Müstəqil Azərbaycanın bu gününü və gələcəyini düşünərək atılan bu addımlar, gəncləri narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər onların hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmışdır. Ümummilli liderin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci il fevralın 2-də Gənclər Gününün elan olunması bu sahədə görülən mühüm tədbirlərdəndir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gəncliyin inkişafında müstəsna xidmətləri vardır. 2007-ci ilin Gənclər ili elan edilməsi, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə Gənclər üçün Prezident Mükafatının təsis edilməsi bu yöndə atılan mühüm adddımlardır.

Cənab Prezidentimiz İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında (10 mart 2020-ci il) çıxışında bildirmişdir: “Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər”.

Azərbaycan gəncləri xalqına və dövlətinə bağlı gənclikdir. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Buna sübut olaraq onu demək və göstərmək olar ki, məhz Ali Baş Komandanın prezidentliyi dövründə yetişən gənc nəslin qəhrəmanlığı sayəsində Vətən müharibəsindəki qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu qələbə şəhidlik məqamına ucalan gənclərimizin rəşadətinin, hünərinin hesabına əldə olundu.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Hər bir gənc də bütöv və müstəqil Azərbaycan naminə bütün gücünü toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində bizə arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanımızın verəcəyi əmrə müntəzir olmalıdır.

Mən də bir gənc olaraq dövlətimizin qayğısını daim öz üzərimdə hiss edərək, nailiyyətlərimlə biz gənclərə göstərilən qayğını doğrultmağa çalışıram. Biz birlikdə güclüyük!

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının fəalı