21 İyun 2025

Gələn il nə qədər artım ola bilər? – Pensiyalar

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə gələn ildən sosial paketin icrasına başlanılacaq. Sosial paketin tərkib hissəsi kimi əmək pensiyalarının minimum məbləğinin də artırılması nəzərdə tutulur. Belə ki, “Əmək pensiyaları haqqında” ediləcək dəyişikliklə minimum pensiyanın məbləğinin 200 manatdan 240 manata yüksəldiləcəyi gözlənilir. Bu o deməkdir ki, gələn il ölkədə 240 manatdan az pensiya alan olmayacaq.

Minimum pensiya məbləğinin artması yaşa görə pensiya üçün tələb olunan kapitalın da artması anlamına gəlir. Bununla da gələn ildən yaşa görə pensiyaya çıxmaq üçün ən azı 34 min 560 manat pensiya kapitalı tələb olunacaq.

Ümumilikdə isə əmək pensiyalarının artımı hər il olduğu kimi, gələn il də indeksləşdirmə yolu ilə artırılacaq. Ölkə qanunvericiliyinə görə, hər ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır. Alıcılıq qabiliyyətini qorumaq məqsədi daşıyan proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla  çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı orta aylıq nominal əməkhaqqının illik artımına uyğun olaraq reallaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artıb. Cari ilin son iki ayında ciddi artımın olmayacağını nəzərə alsaq, bu göstəricinin 3 faiz səviyyəsində olacağını demək mümkündür.  Başqa sözlə, gələn il üçün əmək pensiyalarının bu səviyyədə artacağı gözlənilir.

Qeyd edək ki, rəsmi statistikaya görə, noyabrda 12 aylıq inflyasiya 11,1 faiz, orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2 faiz təşkil edib. Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6,3-6,6 faiz, illik inflyasiya isə 11,4-11,9 faiz səviyyəsində gözlənilir.

Növbəti il üzrə orta aylıq pensiya məbləğinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məlumatlara əsasən, ilin əvvəlində orta aylıq pensiya məbləği 341,6 manat, ilin sonunda isə bu göstəricinin 24,6 manat və ya 7,2 faiz artaraq 366,2 manat olacağı proqnozlaşdırılır. Yəni, cari ilin əvvəli ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə yaşa görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 40,5 manat (12,2 faiz) artaraq 371,9 manat (2021-ci ildə 331,2 manat), əlilliyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin 38 manat (14,6 faiz) artaraq 298,9 manat (2021-ci ildə 260,9 manat), ailə başçısını itirməyə görə pensiya növü üzrə orta aylıq pensiya məbləğinin isə 34,8 manat (13,2 faiz) artaraq 297,8 manat (2021-ci ildə 263 manat) olacağı gözlənilir. Bu baxımdan minimum pensiyanın məbləğinin 20 faiz artırılması əmək pensiyalarının orta aylıq məbləğinə əhəmiyyətli dərəcədə təsir etmiş olacaq.

Əvvəlki illərdə əmək pensiyalarının artımı inflyasiya göstəricisini 4 dəfədən çox üstələmişdi. Belə ki, ötən il 2,8 faizlik inflyasiya qeydə alınsa da, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında 11,4 faiz artım olduğundan  cari  ilin əvvəlində əmək pensiyaları  bu göstəriciyə uyğun artırılmışdı.

Həmçinin 2020-ci ilin əvvəlində əmək pensiyalarının indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir. Eyni zamanda, 2018-ci ildə 5,7 faiz, 2019-cu ildə isə 3 faiz artım olub.  Bununla da 2020-ci ildəki artım əvvəlki ildəki inflyasiyanı 6,4 dəfə, 2019-cu ildə 0,7 faiz-bəndi üstələyib, 2018-ci ildə isə ondan geri qalıb.