06 Fevral 2025

Füzuli rayonunda şəhid övladları üçün Novruz bayramı şənliyi keçirilib

   “Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsini uğurla davam etdirir.  

     Layihənin əsas məqsədi Beyləqan və Füzuli rayonlarında Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş və  yaralanmış qazilərimizin övladlarının fərdi inkişafına yönəlmiş müxtəlif fəaliyyətlərin təşkil edilməsindən ibarətdir.

   Layihə çərçivəsində Füzuli Dövlət Dram Teatrında Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil edilən Novruz şənliyində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, İcra hakimiyyətinin, Gənclər və İdman idarəsinin əməkdaşları, QHT-larının nümayəndələri və şəhid ailələri və övladları iştirak ediblər.

 Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə iştirak edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb, onların şərəfli ömür yolu və qəhrəmanlıqlarının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. Tədbirin təşkilinə  görə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinə və layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi  Agentliyinə təşəkkürünü bildirmişdir.

 Tədbir “Qarabağ ətirli Novruzum” adlı şou-proqramla davam etdirilib. Proqramına daxil olan Kosa ve Keçəlin bayram sərgüzəştləri, aparıcıların bayram təbriki, teatrın aktyorlarının ifasında bayram ruhlu mahnılar və rəqslər, el ağsaqqalı Dədə Qorqudun bayram xeyir-duası şəhid uşaqlarında xoş əhval-ruhiyyə yaradıb.

Sonda “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev tədbirin təşkilində göstərdiyi təşkilati köməkliklərə görə  Füzuli rayon İcra hakimiyyətinə, Füzuli rayon Gənclər və  İdman İdarəsinə təşəkkürünü bildirib, şəhid övladlarına hədiyyələr təqdim edilib və tədbir bayram süfrəsi ilə yekunlaşıb.

İctimai Birliyin İctimaiyyətlə əlaqələr departamenti