23 Dekabr 2024

Füzuli döyüşçüləri: “Ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdı”

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüşlərdən biri də Füzuli əməliyyatı olub. Şəhərin azadlığı uğrunda gedən döyüş əməliyyatı müharibənin növbəti mərhələləri üçün həlledici rol oynayıb. Ona görə də Füzuli əməliyyatı Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab edilir.

Ötən ilin məhz bu günü – oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Füzuli şəhərini işğaldan azad edib.

Döyüşlər zamanı Ermənistanın xeyli sayda canlı qüvvə və texnikası məhv edilib. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.

Bu gün isə Azərbaycan xalqı doğma şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Füzuli əməliyyatında iştirak etmiş bir qrup hərbçi şəhərə səfər edib. Onlar düşmənlə üz-üzə gəldikləri, ağır döyüşlərin getdiyi ərazilərə baş çəkib və xatirələrini bölüşüblər.

Döyüşçülər “Report”a açıqlamasında bildiriblər ki, şəhərin uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun həyata keçirdiyi möhtəşəm əməliyyatlardan biri olub.

Xüsusi Təyinatlı Qüvvələrin zabitinin sözlərinə görə, Füzuli əməliyyatı ona görə önəmli əməliyyatlardan biri sayılır ki, burada düşmənin əsas istehkamlarından biri yerləşib və ordumuz məhz həmin səddi yararaq irəliləyib: “Burada əsas məqsədlərdən biri ön xəttin yarılması idi. Bundan əlavə, bu istiqamətdə əsas strateji yüksəkliklər mövcuddur və o yüksəkliklər düşmən nəzarətində idi. Ona görə bu istiqamətdə ağır döyüşlər getdi. Amma qarşıya qoyulan məqsədə çata bildik, ermənilərin mühafizə səddlərini yarıb keçdik və düşmən geri çəkilmək məcburiyyətində qaldı”.

“Bizə ruh yüksəkliyi verən uzun illər birgə xidmət etdiyimiz döyüş yoldaşlarımızın qəhrəmanlıqları, şəhadətə yüksələnlərin qisasının alınması arzusu və və xalqımızın birliyi idi. Xalqımızın cənab Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşməsi bizi daha da irəli getməyə sövq edirdi”, – XTQ zabiti əlavə edib.

Azərbaycan Ordusunun baş leytenantı Samir Əmirov isə bildirib ki, cəngavər döyüşçülərimiz düşmənin 30 il boyunca yaratdığı möhkəmləndirilmiş sədd qısa bir müddət ərzində yardı: “Döyüşlər vaxtı itkilərimizin olması bizə çox pis təsir edirdi, amma onların qisasını almaq arzusu bizə daha da güc verirdi. Çünki biz qisas hissi ilə yalnız bir amal uğrunda irəli gedirdik və düşmənə zərbələr endirirdik. Rəşadətli ordumuz ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdı”.

Samir Əmirov

Samir Əmirov

Qırx dörd günlük müharibə dövründə daima irəliləyən Azərbaycan əsgəri Füzulini azad etdikdən sonra şəhərin mərkəzində Azərbaycan Bayrağı qaldırıb. Dövlət bayrağımızın azad olunmuş şəhərdə dalğalanması həm Azərbaycan xalqında, həm də orduda böyük ruh yüksəkliyi yaradıb. Döyüşlərin başladığı ilk günlərdə Füzulinin bir neçə kəndinin işğaldan azad edildiyini xatırladan hərbi ekspert Azər Bayramov deyib ki, ilk gündə qazanılan qələbə döyüş ruhunun və döyüş əzminin artırılmasına xidmət edir. O bildirib ki, istənilən müharibədə ilk uğurlar döyüşlərin növbəti mərhələlərində müstəsna rol oynayır.

 Azər Bayramov

Azər Bayramov

Hərbi ekspert həmçinin Füzuli şəhəri uğrunda gedən döyüş əməliyyatlarının əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, Füzuli əməliyyatı nəticəsində ermənilərin xeyli sayda canlı qüvvəsi və texnikası darmadağın edilib: “Düşmənin əsas qüvvə və texnikaları sırf bu istiqamətdə cəmləşmişdi. Azərbaycan Ordusu Cəbrayıl-Füzuli istiqamətində düşmənin “Ohanyan” səddi kimi tanınan mühəndis istehkamlarını yarıb keçdi. Həmçinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə nəzarəti ələ keçirdi və Füzuli şəhərində yerləşən düşmənin əsas qüvvələri ordumuzun bir neçə istiqamətdən əks-hücumu nəticəsində darmdağın oldu. Füzulidə olan düşmən qüvvələrinin məhv edilməsi Azərbaycan Ordusu tərəfindən növbəti hücum əməliyyatının aparılmasında böyük rol oynayıb”.

Düşmən işğalı altında olarkən məhv edilən şəhərin həyatında bu gün yeni tarix yazılır. Ermənilərin taladığı, daşı daş üstünə qoymadığı şəhərdə bərpa-quruculuq işləri aparılır və bütün infrastruktur bərpa edilir.

Media1.az