“Ərzaq mallarının mərkəzləşdirilmiş qaydada satın alınması şəffaflığı artıracaq” – rəy
Deputat Aydın Hüseynov: “Ərzaq məhsullarının istehsalçıları və ya satıcıları üçün geniş məlumat bazası formalaşacaq”
Ötən gün “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb. Fərmana əsasən, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na edilən dəyişikliyə görə, ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirməlidirlər.
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən isə “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi yaradılacaq. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlər həyata keçiriləcək. Bu fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabineti tapşırılıb. Bəs görəsən, bu dəyişiklik özündə nəyi ehtiva edir? Ərzaq məhsulları ilə bağlı zaman-zaman istehsalçılar və satıcılar arasında yaranan mübahisələrin, qeyri-şəffaflığın qarşısı alınacaqmı?
İqtisadçı millət vəkili Aydın Hüseynov mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Cənab Prezidentin imzaladığı fərman kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq istiqamətində mühüm addımdır. Bu qərar həm də dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təmin etməklə büdcə vəsaitlərinin səmərəli xərclənməsinə xidmət edir”.
Millət vəkilinin sözlərinə görə, ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı elektron portalında yerləşdirəcəklər: “Bu məqsədlə ”Elektron kənd təsərrüfatı” informasiya sistemi yaradılıb. Həmin sistem vasitəsilə satın alan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflər yerləşdiriləcək və bütün tərəflərin bu prosesdə açıq iştirakı mümkün olacaq, nəticədə ən mühüm şərtlərdən biri olan səmərəlilik prinsipi təmin ediləcək. Bu isə şəffaflıq baxımından mühüm əhəmiyyət kəsb edir”.
Aydın Hüseynov
Aydın Hüseynov bildirib ki, yeni qaydaların tətbiqi həm də satınalmalarda hesabatlılığı, uçotun şəffaf şəkildə aparılmasını təmin edəcək: “Bütün satın alan təşkilatlar elektron sistemin köməyi ilə ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil edəcək, nəticədə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları üçün geniş məlumat bazası formalaşacaq. Onlar ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaqla maliyyə əməliyyatlarını da şəffaf şəkildə aparmış olacaqlar. Nəticədə ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını həyata keçirməklə dövlət öz üzərinə düşən funksiyaları yerinə yetirməklə yanaşı, özəl strukturların da müsabiqələrdə iştirakına şərait yaranacaq, bu sahədə sağlam rəqabətli mühit təmin ediləcək. Bu prosesdə özəl sektorun, xüsusilə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsinə imkan verəcək”.