23 Dekabr 2024

Ermənistanın Sumqayıt hadisələri “harayı” – Xankəndidə daha çox “ağlaşırlar ki…”

Qondarma abidələrin həm Ermənistanda, həm Xankəndidə “ziyarəti” ənənəvi düşmənçiliyin davamıdır – Qarabağdakı  “müstəqillik tələblərinə” don geyindirməyə çalışırlar; üç partiya sədrindən açıqlama

Ermənistan hakimiyyəti 34 il əvvəl baş vermiş Sumqayıt hadisələri ilə bağlı yalanları təzədən davam etdirir. Azərbaycanla sülh danışıqlarından, xalqların barışıq ehtimalından, birgəyaşından dəm vuran İrəvan yenə də ənənəvi ritorikasına qayıtmaqdadır.

“Yeni Müsavat” bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı ittiham edən bəyanatı, fevralın 28-də “Sumqayıt hadisələri qurbanlarına” qoyulmuş qondarma abidələrin həm Ermənistanda, həm Xankəndidə “ziyarəti” Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətinin göstəricisidir. Xüsusilə həssas bölgə olan Xankəndidə hər fürsətdə Azərbaycana qarşı düşmənçiliyin körüklənməsi diqqət çəkir. Fevralın 28-də separatçıların lideri Araik Arutyunyanın başçılığı ilə “Sumqayıt qurbanları” yad edilib, Azərbaycan əleyhinə çıxışlar edilib.

Buna cavab olaraq Azərbaycan XİN bəyanat verərək “Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni xalqı sülh və rifahdan məhrum olacaq”, – deyə bildirib. Ermənistanın Sumqayıt hadisələri “harayı”, Azərbaycana ittihamların  pərdəarxası səbəbləri sırasında Qarabağdakı hazırkı vəziyyət var. Ermənilər bu aşkar təxribat olan olayı bir daha qabartmaqla Qarabağdakı qanunsuz “müstəqillik tələblərinə” don geyindirməyə, Azərbaycanın tərkibində yaşamağın mümkünsüz olması barədə rəy yaratmağa çalışırlar. Yəni 34 il əvvəlki hadisələrin bu dəfə belə “ağlaşma” ilə yada salmalarının  səbəbi var. Düşünürlər ki, bu təbliğatla öz qanunsuz müstəqillik tələblərinə diqqət çəkə bilərlər.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ermənilərlə birgəyaşayış haqda olduqca yanlış şəkildə özümüzü inandırmağa çalışırıq: “Ermənilər ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycana, türk toplumuna nifrətini, düşmənçiliyini azaltmayıb ki, artırıb. Bu ilin əvvəlində mən ”ermənisiz Qarabağa çalışmaq lazımdır” şüarını irəli sürmüşdüm. Çünki süni şəkildə Qarabağa köçürülmüş ermənilərin sıxışdırılıb çıxarılmasına nail olmalıyıq. Biz dünyaya sülhpərvər, tolerant, beynəlmiləlçi olduğumuzu onsuz da göstəririk, Bakıda 30 min erməni yaşayır, ancaq Qarabağda məskunlaşdırılan ermənilər, eləcə də Ermənistanda yaşayanlar, o cümlədən onlara havadarlıq edənlər Azərbaycana qarşı düşmənçilik niyyətindən geri çəkilmək istəmirlər”. 

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə 

A.Əlizadə hesab edir ki, erməni milləti ilə normal münasibət qurmaq mümkün deyil: “Onlar indi sülhdən danışır, sabah fürsət düşən kimi bizə zərbə vurmağa çalışacaqlar. Ona görə bunu yeni nəsilə də aşılamalıyıq. Baxın, separatçıların gündən-günə ritorikası, dirçəlməsi sülhməramlıların havadarlığı fonunda baş verir. Onlar bizə meydan oxumağa çalışır, odur ki, bu halların qarşısı qətiyyətlə alınmalıdır. Separatçılar bilməlidirlər ki, sülhməramlılar bölgədə müvəqqəti yerləşiblər. Ancaq onlar sülhməramlılara arxayınlaşıb qondarma respublika qurmaq niyyətindən dönməyiblər, bu işi genişləndirməkdə, strukturlarını formalaşdırmaqdadırlar. Azərbaycan bu məsələlərə adekvat münasibət göstərməlidir”. 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, nə Ermənistan hakimiyyəti, nə erməni toplum düşmənçilik niyyətindən əl çəkməyib. Onun sözlərinə görə, rəsmi İrəvan başa düşür ki, Azərbaycanla münasibətləri qurmasa gələcəkdə ölkənin mövcudluğuna problem yarana bilər, lakin həm də cəmiyyətdə Azərbaycana düşmənçilik əhval-ruhiyyəsi hökm sürdüyü üçün bu ab-havanın arxasınca sürünür. Partiya sədri istisna etmir ki, gələcəkdə ermənilər nəinki Sumqayıt hadisələri ilə əlaqədar “abidə”ləri ziyarət edəcək, həmçinin qondarma soyqırımına dair tədbirləri genişləndirə, Azərbaycan və Türkiyə əleyhinə çıxışlar ola bilər: “Əgər bu xətt davam edəcəksə, münasibətlərdə heç bir irəliləyiş olmayacaq. Bir yandan düşmənçiliyi davam etdir, digər tərəfdən regionda əlaqələri bərpa et, mümkünsüz görünən prosesdir. Ona görə erməni iqtidarı və xalqı bunu istəməlidir, Azərbaycana nifrət ola-ola münasibətləri qurmaq çətindir. Üstəlik, BMT Ədalət Məhkəməsinin qərarı var, Ermənistan dövləti irqi ayrı-seçkiliyi aradan qaldırmaq üçün addımlar atmalıdır”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə düşmənçiliyin belə tezliklə aradan qalxmasını mümkün saymır: “Müharibənin vurduğu yaralar hər iki toplumda uzun müddət sağalmaz izlər buraxacaq. Erməni cəmiyyəti indi ayılıb ki, illərlə onlara yalan danışılıb, amma yenə bu nifrət dolu miflər davam etdirilir. Nəticə etibarı ilə erməni toplumunun beynindən bizə qarşı küdurət çıxmır. Buna imkan vermirlər, ideoloji təbliğat aparılır. Amma Türkiyə və Azərbaycanla əlaqələri qurmaq istəyən hakimiyyət heç də düzgün siyasət aparmır. Xüsusən də Qarabağda olan separatçılar bu xəstəlikdən sağalmırlar. Onlar bizi düşmən görürlər və araiklər, balasanyanlar, daşnaklar düşmənçiliyi daha da dərinləşdirirlər, bu halda hansı birgəyaşayışdan danışmaq olar?!” Partiya sədrinin sözlərinə görə, Sumqayıt hadisələri o dövrdə həyata keçirilmiş təxribatlar idi, ermənilərin bu işlərdə iştirakı olub və Azərbaycanın üzərinə qoyulmuş saxta ittihamlardır: “İndi hadisələri yada salmaq, saxta abidəni ziyarət edib erməni toplumuna düşmənçiliyi aşılamaq, nağıllar danışmaq regionda yeni reallıqlarla, 3+3 platforması qurmaq istəyi ilə uyğun gəlmir”.

Qeyd edək ki, 1988-ci il fevralın sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb. 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.